Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri Türkiyə KİV-lərinin baş xəbəridir

213

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Bununla bağlı hazırlanan informasiyalarda səfərin tarixi əhəmiyyəti barədə geniş məlumatlar və şərhlər verilir.

NUHÇIXAN xəbər verir ki, Anadolu agentliyi səfərlə bağlı iki videomaterial və 29 foto yayıb. Ölkə mediası bu videomateriallardan və fotolardan geniş istifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana edəcəyi barədə ilkin xəbərlər yayıldıqdan sonra mövzunu gündəmdə saxlayan TRT HABER televiziya kanalı iyulun 10-da və 11-də bütün xəbər buraxılışlarında bu barədə maraqlı reportajlar və informasiyalar verir.

“Türkiyə”, “Sabah”, “Milliyyət”, “Yeni şəfəq”, “Hüriyyət”, “Posta”, “Axşam”, “Star”, “Yeni söz”, “Akıt”, “Vatan” və digər qəzetlərdəki materiallarda Türkiyənin dövlət başçısının ölkəmizə səfərinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışlarına, eləcə də ali qonağın Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoymasına, Şəhidlər xiyabanını, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etməsinə dair məlumatlara geniş yer verilib.

“İki gündə 6 min 100 kilometr” sərlövhəsi ilə səfər barədə türkdilli oxuculara məlumat verən “Türkiyə” qəzeti prezidentlərin mətbuata bəyanatlardakı fikirlərini ətraflı şərh edib.

“Yeni Şəfəq” qəzetinin “Qardaş ziyarəti” sərlövhəsi ilə təqdim olunan yazıda Türkiyə Prezidentinin Azərbaycana səfəri geniş işıqlandırılıb. “İlk ziyarət qardaşa” başlığı ilə təqdim olunan analitik yazıda isə dövlət başçılarının mətbuata bəyanatlarındakı əsas fikirlər alt başlıqlar kimi təqdim edilib. Yazıda Azərbaycan və Türkiyənin liderliyi həyata keçirilən beynəlxalq layihələrin tarixi əhəmiyyəti, bütün sahələr üzrə əməkdaşlığın nəticələri, həmçinin qarşıda duran vəzifələr və s. oxucuların diqqətinə çatdırılır.

“Milliyyət” və “Vatan” qəzetlərində “TANAP çox stratejidir” sərlövhəsi ilə təqdim olunan məqalədə digər məsələlərlə bərabər, diqqəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik” fikrinə yönəldib. “Milliyyət” qəzetində dərc olunan yazıda Prezident İlham Əliyevin “Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir” ifadəsinə yer verib.

“Naxçıvana Türkiyə şəfqəti” sərlövhəsi ilə mövzunu ilk səhifəsinə çıxaran “Axşam” qəzeti illərdən bəri təcavüzkar Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və inkişafı üçün iki qardaş ölkənin birgə səylərini oxucuya çatdırmağa müvəffəq olub. Siyasi şərhçi Hikmət Gənc “Axşam” qəzetinin elektron versiyasında yayılan video-reportajda böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi missiyasını yüksək dəyərləndirərək vurğulayıb ki, Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan və Türkiyə qardaşlığının qorunmasını, ölkələrimizin enerji təhlükəsizliyini təmin edib.

“Demokratik inqilab” sərlövhəsi ilə səfər təəssüratını oxucularla bölüşən “Star” qəzeti iki dövlət başçısının səmimi görüşünü əks etdirən fotonun altında “TANAP iki ölkə üçün də həyatdır” ifadəsini təqdim edib. Qəzet, həmçinin ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” fikrinin reallıq olduğunu diqqətə çatdırır.

Səfərin mahiyyəti tanınmış ekspertlər tərəfindən də şərh olunmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: