Naxçıvanlı gənclər hərbi xidmətə yola salınıb

552

Ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Valideyn Pərviz Novruzov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.

Çağırışçılar adından çıxış edən Bəhruz Seyidov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov çıxışında bildirib ki, bu yaxınlarda Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü münasibətilə paytaxt Bakı şəhərində keçirilən hərbi parad öz möhtəşəmliyi ilə hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Ordumuzun istifadəsinə verilmiş yeni hərbi təyinatlı texnikalar bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü, döyüş potensialını bütün dünyaya nümayiş etdirdi.

Səxavət Salmanov qeyd edib ki, Silahlı Qüvvələrimizin yeni texnikalarla təminatı Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Bu gün muxtar respublikamızın təhlükəsizliyini ən yüksək səviyyədə qoruyan Əlahiddə Ümumqoşun Ordu dünyanın ən müasir silah və texnikaları ilə təchiz olunub. Ötən müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində şəxsi heyətin peşəkarlığı artıb, əsgər və zabitlərin döyüş ruhu daha da yüksəlib. Bunun nəticəsidir ki, may ayında Şərur rayonunun 26 il işğal altında olan Günnüt kəndi və ətraf ərazilər azad edilib, 11 min hektar ərazi ordumuzun nəzarəti altına keçib. Cəbhədə qazandığımız bu uğur xalqımızın tezliklə işğal olunmuş digər torpaqlarımızın da düşmən tapdağından azad olacağına inamını artırıb.

Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının belə bir nüfuzlu ordunun sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: