Kütləvi etirazlar nəticəsində istefa verməyə məcbur qalmış Serj Sarkisyanın bundan sonra Ermənistanda qalması yəqin ki, mümkün olmayacaq. Çünki o, Xocalıda, Dağlıq Qarabağda törətdiyi cinayətlərə, o cümlədən Ermənistan parlamentindəki terror aktına və 1 mart hadisələrinə görə həm beynəlxalq tribunalda, həm də ölkə məhkəmələrində mühakimə olunacaq.
NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Sarkisyana qarşı yönələn ittihamlar nəticəsində onun həbs olunması qaçınılmazdır. Serj Sarkisyanın istefasından sonra Ermənistan parlamentinin buraxılması məsələsi də reallaşa bilər.
Bununla yanaşı, Sarkisyan tərəfindən təyin olunan hazırkı prezident Armen Sarkisyanın da dövlət başçısı kimi qalması məsələsinin müzakirə mövzusu olacağını deyən Arzu Nağıyev bildirib ki, bu gün Ermənistanın güc strukturlarındakı mafioz Qarabağ klanının saxlanmasında Armen Sarkisyan Serj Sarkisyanla birgə hərəkət edib. Məhz bunun nəticəsidir ki, əhalinin böyük hissəsi işsizdir və səfalət içində yaşayır. Ermənilərin böyük hissəsi müxtəlif xarici ölkələrdə miqrantdır. Serj Sarkisyanın apardığı siyasətin nəticəsidir ki, Ermənistan iqtisadiyyatı tam olaraq çöküb, ölkə mühüm beynəlxalq layihələrdən kənarda qalıb. Serj Sarkisyan və komandası Ermənistan xalqını 20 ildir ki, Dağlıq Qarabağ kartı ilə girov saxlayırdı. Bunun nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə heç bir siyasi və iqtisadi əlaqələri yoxdur. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı artıq öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı.