Ordubad rayonunun qədim abidələri, zəngin və təkrarolunmaz təbiəti, iqlimi, müalicəvi suları, flora və faunası, qədim sənət növləri ilə məşğul olan insanların çoxluğu bu yurd yerini turizmin inkişafı üçün əlverişli məkana çevirmişdir. Bu torpağın adamlarının özünəməxsus xüsusiyyətləri, adət-ənənələri milli-mənəvi dəyərləri ilə tanış olan hər bir səyahətçi buradan xoş təəssüratlarla ayrılır. Son illərdə rayonun sosial-iqtisadi inkişafı buraya gələnlərin diqqətindən yayınmır. Yeni tikililər, abadlıq-bərpa işləri, insanların sosial rifah halının yaxşılaşması günün reallığıdır. Böyük turizm potensialının olduğu rayonda son illərdə bu sahənin inkişafı üçün perspektiv imkanlar əhatəli olaraq götür-qoy edilir, turizmin miqyasının genişlənməsi üçün müəyyən layihələr üzərində iş aparılır.
Əvvəlcə onu bildirək ki, rayonda 292 tarixi və arxeoloji abidə qeydə alınıb. Onlardan 4-ü dünya əhəmiyyətli, 178-i isə yerli əhəmiyyətli abidələrdir. Qədim diyarın kəndlərini əhatə edən müasir infrastrukturun olması, tarixi mədəni irsə qayğı burada turizmin inkişafını sürətləndirir.
Bu gün Ordubad kəndləri təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yolları ilə turizmin inkişafı üçün böyük imkanlar açır.
Rayon mərkəzi olan Ordubad şəhərinə qonaq gələnlər burada Came, Sərşəhər, Mingis məscidlərində, Qeysəriyyə abidəsində milli dəyərləri əks etdirən nümunələrlə tanış olur, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyindəki və görkəmli insanların ev-muzeylərindəki eksponatlara baxmaqla bu bölgə haqqında tarixi faktlar və maraqlı məlumatlar əldə edirlər.
Nüsnüs-Gənzə xətti boyunca səyahətə çıxanlar bu istiqamətdə olan Əfqan qalası, Nüsnüs piri ilə də tanış olurlar.
Digər səyahət xətti isə Dəstə-Vənənd-Dırnıs-Kələki-Pəzməri kəndlərindən keçir. Azadkənd-Biləv-Parağaçay xətti də turistlərin səmərəli istirahəti və gəzintisi üçün əlverişli sayıla bilər. Tivi-Nəsirvaz-Nürgüt kəndləri də turizm və istirahət zonasıdır. Bu xətt boyunca da səyahət və əyləncə sevənləri maraqlı gəzinti gözləyir.
Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə ötən il 2450 turist rayonumuzun qonağı olmuşdur. 2018-ci ilin ötən ayları ərzində rayonumuza 3 minə yaxın qonaq gəlmişdir. Gələnlərin 1375 nəfəri Ordubad şəhərinə, digərləri isə kəndlərimizə təşrif buyurub.
Bu günlərdə rayonumuzun kəndlərində istirahət edən turistlərlə həmsöhbət olmaq üçün səfalı yurd yerlərimizdən biri olan Dırnıs kəndində olduq. Dırnıs kənd inzibati ərazi dairəsinin əməkdaşı Nazimə Abdullayeva ilə söhbətimizdə öyrəndik ki, son illər bu yaşayış məntəqəsinə gələn qonaqların sayında ciddi artım müşahidə olunur. İcra nümayəndəliyi gələn hər bir turistin istirahətinin mənalı keçməsi üçün səyini əsirgəmir. Nəzminə xanım bizi Dırnıs kəndinə qonaq gəlmiş 3 nəfərlə tanış etdi. Söhbət etdiyimiz Cəfər Cəfərov bildirdi ki, vaxtilə Kələki ekspediyasında mühasib işləyib. Təqaüdə çıxandan sonra Bakı şəhərində yaşayır. Hər il yay aylarında doğma Dırnıs kəndinə gələrək burada istirahətini səmərəli keçirir. Deyir ki, bir-iki ay doğulduğu kənddə qonaq qalmaqla ilin arxada qalan aylarının yorğunluğunu atmış olur. Bir də ki, kəndin qaymağı, balı, meyvəsi, havası onun səhhətinə çox müsbət təsir göstərir.
Sehran Qasımov da Bakı şəhərindən Dırnısa qonaq gəlib. Deyir ki, Naxçıvan Muxtar Respublikası son illər xeyli gözəlləşib. Özü də hər dəfə Naxçıvana gələndə köklü dəyişikliklərin şahidi olmaq onu çox sevindirir. Doğulub boya-başa çatdığı muxtar respublikanın cənnətməkan guşəyə çevrilməsi əsl möcüzədir. Dünyanın heç bir yerində qısa müddətdə bu qədər dəyişikliyə nail olmaq mümkün deyildir.
Digər həmsöhbətim Şövkət Məmmədova da onların söylədikləri ilə həmfikir olduğunu, səfalı məkan olan Dırnıs kəndində olmaqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, kənddə olarkən istirahətlərinin mənalı keçirmələri üçün hər cür şərait var. Biz hər il Dırnıs kəndinə qonaq gəlirik. Ən əsası burada sağlam qidalanırıq. Qayıdanda isə bu ekoloji təmiz məhsullardan evimizə də alıb aparırıq. Çünki sağlamlığımız baxımından bu məhsullar əvəzsiz rol oynayır.
Artıq iyul ayının qızmar günləri şəhərlərdə yaşayanları kənd turizminin gözəl məkanlarına üz tutmağa sövq edib. Rayonlara üz tutanlar isə ilk növbədə abad və hər cür şəraiti olan yaşayış məntəqələrinə gedirlər. Buna görə də Naxçıvanın istirahət məkanı kimi seçilməsi heç də təsadüfi deyildir.
A. HÜSEYNOĞLU
“El həyaı” qəzeti