“Üzən ada” Naxçıvan təbiətinin möcüzəsidir

340

Hər kəs yay tətilini arzuladığı kimi keçirmək istəyir. Bunun üçün kimi dəniz kənarını, kimi də təbiət qoynunu seçir. Mən də təbiət qoynunda dağlardan axan suların şaqqıltısını, quşların cəh-cəhini, gül-çiçəyin ətrini duyaraq dincəlməyi sevirəm. Yaxşı istirahət üçün demək olar ki, son bir neçə ildir Şahbuz rayonuna gəlirəm. Rayonun turizm üçün əlverişli olan Batabat yaylağı mənim üçün ideal məkandır. Gölləri sonalı, uca dağları ilə adamı heyrana salan,  dərələri güllü-çiçəkli Batabatın turizm mərkəzi olması üçün önəmli işlər görülüb. Naxçıvan-Şahbuz-Batabat magistral yolunun tamamilə yenidən salınması, yol kənarına tinglərin nizamla əkilməsi, ətraf kəndlərdə təmizlik və səliqə-sahman yaradılması mənim kimi yüzlərlə turistin buraya olan marağını artırır.  İnsana xüsusi bir zövq verən  Batabat yaylağı hər mənada gözəlliklər məskənidir. Təmiz havası, diş göynədən bulaqları, gülü-çiçəyi can dərmanıdır.

Turizm imkanları geniş olan bu yaylaqdakı gözəllikləri seyr edərkən adamda belə bir təəssürat yaranır ki, gördüyü mənzərələr sanki insan əli ilə daşdan-qayadan yaradılıb. Geniş dərələri, düzləri, enişli-yoxuşlu, dərəli-təpəli yerləri Batabatın cazibədarlığını çoxaldır. Elə bilirsən ki, alçaqlı-ucalı yaylağın gözəlliyi rəssam əlindəki fırça ilə çəkilib. Dağ yamaclarındakı nadir ağaclar, düzləri bəzəyən gül-çiçəyin dövrəyə aldığı göllər məni  öz sehrinə salır. Batabatın Zorbulağının suyundan içmək, “Üzən ada”nı seyr etmək ayrı bir dəsgahdır. Zorbulağa uzanan yolun kənarlarında da istirahət üçün guşələr yaradılıb. Turistlərin rahatlığı, istirahəti, yeməyi, əyləncəsi üçün hər bir şərait var. Üstəlik, bu yaylaq həm də nadir dərman bitkiləri ilə zəngindir. Batabat dağlarının kəklikotusunu, çobanyastığını, yarpızını çox xoşlayıram. Onları dəmləyən zaman ətrafa yayılan ətrin iyindən  doymaq olmur.

Ötən illərdə buraya gələn zaman bu bitkilərdən toplayıb yaşadığım şəhərə də aparmışdım. İndi yenə gətirməyimi xahiş ediblər.

Bu yerin bir də xüsusi dada malik göbələyi var ki, mən ondan aldığım dadı hələ heç yerdə bitən göbələkdən almamışam. Bir də, xüsusi olaraq ,Şahbuz balını vurğulamaq istəyirəm. Bakı şəhərində keçirilən arıçıların sərgi-satış yarmarkasında iştirak edərkən bir neçə yerdən gətirilən bal almışdım, eləcə də Şahbuz balı. Başqa yerlərdən aldığım bal ilə  Şahbuz balını müqayisə edən zaman aralarındakı keyfiyyət fərqini gördüm. Və bu gün dincəldiyimiz Batabat yaylağındakı arı yeşiklərini gördükcə nə üçün Şahbuz balının bu qədər ləzzətli dada, ətirli qoxuya malik olduğu mənə aydın oldu. Min bir rəngdə gül-çiçəkdən alınan balın keyfiyyətsiz olmağı, əlbəttə ki, imkansızdır. Bu yerin pendiri, şoru, kərəsi, qatığı da çox dadlıdır. Həmçinin Şahbuzun cəvizi, badamı, alması, heyvası da çox saf, ləzzətli,  qiymətləri isə sərfəli olur. Ona görə də onların yığılma vaxtı çatanda burada olan dost-tanışlarıma deyirəm sağ olsunlar, yaşadığım ünvana yollayırlar. Bütün bunlar deməyə əsas verir ki, Şahbuz turizm üçün ideal məkandır.

Mən, ümumiyyətlə, ölkəmizin hansı istiqamətinə üz tutsam, oradan çəkdiyim fotolarla həm həmin anı əbədiləşdirirəm, həm də o yerin tanıdılması üçün sosial şəbəkələrdə paylaşımlar edirəm. Hazırda da mobil telefonumda Şahbuzun, Batabatın, yol boyu keçib gəldiyim kəndlərin fotoları var. Geri döndüyümdə onları sevə-sevə paylaşacam. Qoy, hər kəs bu gözəlliklərdən xəbərdar olsun. Çünki “Zorbulaq” , “Üzən ada” Naxçıvan təbiətinin möcüzəsidir.

            Elnur Həsənov

Sumqayıt şəhər sakini

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: