Naxçıvan sikkələri dünya muzeylərində

215

Tədqiqatlar zamanı Azərbaycan ərazisindən külli miqdarda tapılmış sikkələr bir çox alimlərin marağına səbəb olub. Onlar bu sikkələrin zərb olunduğu yer və kim tərəfindən kəsildiyini öyrənərək aydınlaşdırıblar ki, bunların müəyyən bir hissəsi Naxçıvan zərbxanalarında kəsilib. Sikkələr haqqında məlumat almaq, tarixi Azərbaycan torpağı olan qədim diyarda fəaliyyət göstərən zərbxanaların harada yerləşdiyi və bu gün sikkələrin dünyanın hansı muzeylərində sərgiləndiyini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix elmləri doktoru Məmməd Əliyevə müraciət etdik.

Məmməd Əliyev qeyd edir ki, antik dövrdə və son orta əsrlərdə Naxçıvan torpağında zərb olunmuş sikkələr vasitəsilə xalqımızın keçmişini öyrənəndə qızıl, gümüş və mis sikkələrin ardıcıl olaraq bir-birini əvəzlədiyini görürük. Bütün bunlar türk soyları və böyük türk hökmdarlarının naxçıvanlıların ulu əcdadları olduqlarını təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının ərazisində kəsilmiş on minlərlə sikkə məlumdur. Bu pulların köməyi ilə öyrənirik ki, Naxçıvan bölgəsində VI əsrdən başlayaraq XVIII əsrin sonuna qədər müxtəlif dövrlərdə fəaliyyət göstərmiş zərbxanalar olmuşdur. Naxçıvan, Əlincə, Qarabağlar, Əlcan, Şərur, Ordubad və Xaraba Gilan (Giran) zərbxanaları buna parlaq misaldır. Zərbxanaların quruluşunu və istehsal prosesinin təşkilini öyrənərkən dövlət məmurlarının adı, vəzifələri və aldıqları əməkhaqları ilə bərabər, bilavasitə zərb işi ilə məşğul olan sənətkarların adı və gördükləri işin müqabilində aldıqları əməkhaqqı da məlum olur.

Məmməd Əliyev təəssüf hissi ilə vurğuladı ki, Sovetlər dövründə üzdəniraq, özgə tarixini oğurlayan, onu saxtalaşdıran Ter-Avetisyan və Lalayan kimi erməni “alimləri” Naxçıvanda olub, Naxçıvan tarixinə aid ən qədim türk tarixini öz xeyirlərinə saxtalaşdırmağa çalışıblar. Onlar bu ərazidən əldə olunmuş sikkələri oğurlamaq və saxtalaşdırmaqdan da yan keçməyib, çoxlu qızıl və gümüş sikkələri əldə edərək Ermənistan muzeylərinə daşıyıblar. Bu proses sonralar da davam etdirilib. Ermənilər təkcə  sikkələr deyil, Naxçıvandan saysız miqdarda tarixi materialları da oğurlayıb Ermənistan muzeylərinə aparıblar.

Lakin dünənin və bu günün erməni saxtakarlığına baxmayaraq, görkəmli sikkəşünas alimlərin yaratdığı kataloqlarla tanış olarkən Naxçıvanda kəsil­miş sikkələr haqqında məlumata da rast gəlirik. Belə alimlərdən K.Fren, B.Dora, Berezin, Bartolemey, A.K.Markov, Əhməd Ziya, Y.Paxomov, D.Y.Kapanadze və başqalarını göstərmək olar.
Tarixçi-alim, muzeyşünas onu da deyir ki, qədim Nuh yurdunun ərazisində vaxtilə olan zərbxanalarda kəsilən müxtəliftipli və formalı qızıl, gümüş və mis sikkələr tədavül vasitəsi olaraq dünyanın bir çox ölkəsinə yayılıb. Bu gün isə həmin ölkə­lərdə tariximizi, mədəniyyətimizi və mənəviyyatımızı nümayiş etdirir. Belə ki, vaxtilə Sovetlər Birliyinin tərkibində olan respublikaların muzeylərinin fondunda saxlanılan Naxçıvanda kəsilmiş Sasani dövlətlərinə aid olan sikkələr tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Çünki bu sikkələrin üzərində “NAXÇ” yazılması şəhərin tarixi haqqında bəzi məlumatların öyrənilməsinə imkan verir. Kəsilən pullardan məlum olur ki, Naxçıvan ərəblərin tabeliyinə keçənə kimi burada fəaliyyət göstərən zərbxanalarda yüksəkkeyfiyyətli sikkələr istehsal edilib.
Sasani dövlətlərinin süqutundan sonra da Naxçıvanda bir çox yüz­illiklər ərzində zərbxanalar olub və burada kəsilən sikkələr dünyanın çoxlu ölkələrinə aparılıb, muzeylərin kolleksiyasının ən qiymətli eksponatına çevrilərək, yurdumuzun qədim tarixini ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Rusiya, Gürcüstan və başqa ölkələrdə yaşatmaqdadır. Bu sikkələr zərbxanalarda kəsildiyi tarixi faktlara və ornamentlərinə görə bir daha göstərir ki, Naxçıvan torpağı əzəli və əbədi türk məkanı, azəri türklərinin qədim yaşayış məskəni olub.
Müsahibimin sözlərinə görə, Moskva Dövlət Tarix Muzeyinin sikkəşünaslıq fondunda Naxçıvanda 701-ci il hicri, 1301-1302-ci illər miladi tarixdə Qazan xan tərəfindən kəsilmiş sikkə saxlanılır. Onların hər bir tərəfi eyni formadadır və kəsilmə tarixi arxa tərəfdədir. Arxa tərəfindən mərkəzdə ərəb qrafikası ilə beşguşəli ulduz forması verilib. Sikkənin kənarlarında dini dua yazılıb. Naxçıvanda kəsilmiş bu formalı sikkə Sankt-Peterburq Dövlət Ermitajında da vardır. Ermitajın sikkəşünaslıq fondunda olan 642-ci il hicri, 1244-1245-ci il miladi tarixdə kəsilmiş iki dirhəmin Naxçıvana aid olduğu məlumdur. Birinci sikkənin kəsilməsi və forması çox sadədir, kənar hissəsi kəsilib. Üz tərəfində, dairənin içərisində qarşı­-qarşıya çapan iki atlı, atın birinin yanında hədəfə cuman it təsvir edilib. Arxa tərəfində dairənin içərisində üç sıra ərəb yazısı ilə İslam simvolu verilib. Aşağı hissəsində ərəb yazıları vardır. İkinci sikkə birincidən onunla fərqlənir ki, onun arxa tərəfində kəsilmə tarixi əks olunub.
Azərbaycan Dövlət Tarix Muzeyinin sikkəşünaslıq fondunda Elxanilər tərəfindən hicri 734, miladi 1333-1334-cü ildə kəsilmiş sikkə saxlanılır. Onun üz tərəfində iki dairə vardır. Daxili dairədə beş sıra ərəb qrafikası ilə yazı verilib. Üçüncü sırada Əbu Səidin adı uyğur, “Sultan ədalətlidir” kəlməsi isə ərəb dilində yazılıb.
Azərbaycan Tarix Muzeyinin numizmatika fondunda Naxçıvan zərbxanalarında kəsilmiş çox sayda sikkə saxlanılır. Naxçıvan Dövlət Tarix Muzeyinin kataloqundakı beş mindən artıq sikkə arasında Naxçıvan sikkələri çoxluq təşkil edir.
Müxtəlif vaxtlarda Naxçıvan şəhəri və onun ətraf ərazilərindən tapılan çoxsaylı pul dəfinələri sübut edir ki, şəhər orta əsrlər dövründə Yaxın Şərqin və Zaqafqaziyanın bir sıra iqtisadi və siyasi mərkəzləri ilə sıx ticarət əlaqəsi saxlayıb. Maraqlı burasıdır ki, bu sikkələr arasında biz Avropa dövlətlərinin sikkə­xanalarının zərb etdiyi pullara rast gəlirik, bu da Naxçıvanın orta əsrlərdə həmin ölkələrlə siyasi, iqtisadi, elmi və mədəni ticarət əlaqələrinin olduğuna bariz nümunədir.

 Ramiyyə Əkbərova

                                                                                                                                       “Şərq qapısı” qəzeti 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: