Naxçıvan abidələri Türkiyənin saytlarında yer alıb
Son illər Naxçıvan Muxtar Respublikasında milli memarlıq və dövlətçilik ənənəmizin yadigarı olan qədim abidələrə göstərilən qayğı və onların yenidən bərpa edilməsi əcnəbi turistlərin bu sənət incilərinə marağını artırıb.
NUHÇIXAN xəbər verir ki, Orta və Yaxın Şərqdə, Anadoluda və Qafqazda Səlcuqilər dövrünə aid olan abidələri təbliğ edən Türkiyənin www.selcuklumirasi.com saytı öz səhifəsində Naxçıvanda bu gün də öz gözəlliyi ilə diqqəti çəkən, 12-ci əsrin nadir sənət incisi sayılan Mömünə Xatın türbəsi haqqında məlumat yerləşdirib. Abidənin Atabəy Cahan Pəhləvanın təşəbbüsü ilə anası Mömünə Xatının şərəfinə Yusif Küseyroğlu türbəsinin də memarı olan Əcəmi Əbubəkr oğlu tərəfindən inşa edildiyi bildirilir. Məlumatda Mömünə Xatın türbəsinin inşasının 1186-cı ildə başa çatdığı qeyd edilir. Onun 10 bucaqlı formada olması və üzərində nadir şəbəkə şəklində həndəsi naxışlarla yanaşı maraqlı memarlıq üslubundan da söhbət açılır. Abidənin yeraltı, yerüstü və günbəz olmaqla 3 hissədən ibarət olması, firuzə rəngli kaşılar və bişmiş kərpicdən inşa edildiyi, üzərində isə günümüzə qədər gəlib çatmayan hündür qübbəsi olduğu qeyd edilir.
Bundan başqa, Naxçıvanda səfərdə olan turistlər və əcnəbi qonaqlar da sosial şəbəkələrdə Naxçıvanın nadir abidələrinin, turizm infrastrukturunu özündə birləşdirən məkanların görüntülərini məmnuniyyətlə paylaşırlar. Bu günlərdə Naxçıvanda keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin iştirakçıları təmsil etdikləri qurumun internet səhifəsində-genclikkongresi.mu.edu.tr-də maraqlı fotolar yerləşdiriblər. Qonaqların Batabat, Duzdağ mağarası, Əlincə qalası, Əshabi-Kəhf, Xan sarayı, Heydər Əliyev muzeyi, Qızlar bulağı, Nuhun məzarüstü türbəsi, Naxçıvanqala və digər yerlərdən çəkdikləri maraqlı məqamları əks etdirən fotolar var.
Səməd Canbaxşiyev
Anar Tağıyev
NUHÇIXAN