Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 9 qanun layihəsinə baxılıb
Aprelin 23-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə 9 məsələ daxildir.
Əvvəlcə iclasda “Standartlaşdırma haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda iştirak edən maliyyə nazirinin müavini Emin Hüseynov qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Sonra “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Mühasibat uçotu haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb. Qeyd olunub ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.
Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.