Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının məsul nümayəndələri ilə görüşüb

158

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Vyanadakı Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyanı əhatə edən regional ofisinin 20 ölkə üzrə əlaqələndirmə və siyasət məsələləri üzrə baş mütəxəssisi, “Qlobal Kompakt” sənədi üzrə məsul şəxs Amr İbrahim Taha və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak ilə görüşüb. Bu barədə NUHÇIXAN-a Ombudsman Aparatından məlumat verilib.

Görüşün məqsədi BMqT və Ombudsman təsisatı arasında miqrasiya, miqrantların hüquqlarının təmin olunması məsələlərinə dair bu günədək həyata keçirilən səmərəli əməkdaşlığın davam etdirilməsi üzrə fikir mübadiləsi olub.

Müvəkkil bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinin də qeyd olunduğu cari il mühüm tarixi hadisələrlə zəngindir. Elmira Süleymanova insan hüquqları sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyətin əhalinin bütün qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların, ahılların, uşaq və qadınların, əlilliyi olan şəxslərin və digər kateqoriyadan olan insanların hüquqlarının müdafiəsinin də əhatə etdiyini deyib.

Ombudsman son dövrdə dünyada miqrantların sayının kəskin surətdə artdığını bildirib, bu səbəbdən onların hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq normalara uyğun həm qanunvericilik, həm də yeni normaların qəbul edilməsinin və bununla bağlı yeni icra strukturlarının yaradılmasının, onların fəaliyyətinə ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb.

Elmira Süleymanova həm respublikamızda olan miqrantlarla, həm də ölkədən gedən və xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə müntəzəm olaraq iş apardığını, bu istiqamətdə 15 xarici ölkənin ombudsmanları ilə ikitərəfli müqavilələr əsasında sıx əməkdaşlıq əlaqələri yaradıldığını deyib. Həmçinin bu qəbildən olan insanların vəziyyətinin yaxşılaşdırılması, tənzimlənməyən miqrasiyanın qarşısının alınması və qanuni əsaslarla ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün münbit şəraitin yaradılması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) və digər dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun bütün qurumları ilə, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatı, BMT QAK, UNICEF, Avropa İttifaqı, qeyri-hökumət təşkilatları və media ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

O, həmçinin Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-nin Bakı və Yevlax şəhərlərində Qanunsuz Miqrantların Saxlanılma mərkəzlərinə mütəmadi baxışların keçirildiyini, orada saxlanılanların vəziyyətinin, onlara qarşı rəftarın araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sərhəd-keçid məntəqələrində müntəzəm olaraq müvafiq tədbirlərin həyata keçirildiyini, müxtəlif əcnəbi dillərdə hüquqi nəşrlərin hazırlandığını və yayıldığını diqqətə çatdırıb.

Müvəkkil Gəncə, Şəki, Cəlilabad və Qubada regional mərkəzlərinin fəaliyyəti barədə də məlumat verib.

Qonaqlar miqrantların hüquqlarının səmərəli müdafiəsi üçün göstərdiyi səylərə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər. Onlar bu il üzrə prioritet istiqamətlərini sadalayaraq, miqrantlar və qaçqınlarla yanaşı, məcburi köçkünlərin də onların mandatlarının bir hissəsi olduğunu vurğulayıblar.

Amr İbrahim Taha “Qlobal Kompakt” sənədi barədə ətraflı məlumat verib.

Qonaqlar Azərbaycanın səkkiz rayonunda hüquqi mərkəzlərin fəaliyyətə başlanmasına dair planları olduğunu və bu işdə Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlığı da təklif ediblər.

Ombudsman Elmira Süleymanova qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu diqqətə çatdırıb, bu fəaliyyətlə bağlı təklif və tövsiyələrini verib.

Görüş faydalı fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: