Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib

171

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən NUHÇIXAN-a  verilən məlumata görə, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışılıb.

Tədbirdə qeyd edilib ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

Çıxış edənlər görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar. Ölməz və həmişəcavan Müşfiqin daim ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz sənət incilərinin yaddaşlara əbədi həkk olunduğunu vurğulayıblar.

Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Tədbirdə poeziya həvəskarları şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri M.Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa ediblər.

                                                                                               Nərgiz Qəhrəmanova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: