AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları qədim şəhər mədəniyyətinin formalaşması ardıcıllığını müəyyənləşdirmək məqsədilə Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerində və Duzdağda arxeoloji tədqiqatlara başlayıb.
NUHÇIXAN xəbər verir ki, Duzdağda iyun ayının 20-dən başlanan və 200 kvadratmetr sahəni əhatə edən ərazidə aparılan araşdırmalar zamanı Eneolit, Erkən Tunc, Dəmir dövrü və orta əsrlərə aid keramika məmulatı, daş çəkiclər tapılıb. Bu duz yataqlarından eradan əvvəl V-III minilliklərdə geniş istifadə edilib və mədənlər Erkən Tunc dövründə xüsusilə geniş istismar olunub. Tədqiqatçılar qədim mədənlərdən aşkar edilən maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclərə əsasən bunları qeyd edirlər. Duzdağın cənub ətəkləri boyunca şimaldan cənuba doğru təqribən 3 kilometrlik məsafədə aşkar olunan Erkən Tunc dövrü keramikası da bunu təsdiq edir. Duzdağda aparılan araşdırmalar eyni zamanda tarixəqədərki cəmiyyətlərin Naxçıvanın təbii sərvətlərinin istismarı, yaşayış yerlərinin tipləri və onların konkret bir ərazidə inkişaf dinamikasını müəyyən etmək üçün başlanılan irihəcmli layihənin tərkib hissəsidir.
Duzdağda aparılan araşdırmaların əsas məqsədlərindən biri də duz mədənlərində erkən istismar izlərini aşkar etməklə tarixəqədərki dövrün son mərhələsində duzun çıxarılması üsullarını üzə çıxarmaqdan ibarətdir. Tədqiqatlar zamanı müəyyən edilib ki, duz qədim dövrlərdən başlayaraq həm açıq üsulla, həm də tunellər qazmaqla çıxarılıb. Duz çıxarıldıqdan sonra mədənlərin yaxınlığında yaşayış yerlərinə aparılıb.
Tədqiqatçıların fikrincə Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları , o cümlədən duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz mübadilə vasitəsi olmaqla şərq ölkələrinə aparılıb və insanların məişətinə daxil olan duzla bağlı inamlar yaranıb.
AMEA-nın muxbir üzvü Vəli Baxşəliyevin fikrincə Duzdağda aparılan arxeoloji araşdırmalar qədim dağ-mədən işinin infrastrukturunu müəyyən etməyə imkan verir. Qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri isə təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərq ölkələrində dağ-mədən işinin yaranmasını öyrənmək üçün olduqca əhəmiyyətlidir. Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab edilir. Ərazidə qazıntı işləri davam etdirilir.
VAQİF AĞALAROV