Azərbaycan xalqının iftixarı, Naxçıvan ictimai-mədəni mühitinin yetirdiyi türk-islam aləminin görkəmli övladlarından biri Baba Nemətullahın adı islam elmində qürurla səslənməkdədir. Əsl adı Nemətullah ibn Mahmud Şeyx Əlvan olan bu görkəmli islam alimi və şəxsiyyəti Naxçıvanda doğulduğuna görə “Naxçıvani” nisbəsini götürmüşdür. Yüksək mərtəbəli islam alimlərindən və eləcə də Nəqşibəndiyyə təriqətinin nəhəng simalarından biri kimi yüksək mövqeyə malik olan Nemətullah Naxçıvani yazdığı qiymətli əsərlərlə diqqəti cəlb edib. Onun heç bir kitaba baxmadan yazdığı Qurana ikicildlik təfsir kitabı alimin şöhrətini daha da artırmış, təfsir sahəsində adını birinciliyə qaldırmış, alimlər alimi kimi yüksək mərtəbəyə çatmasına vəsilə olmuşdur. Müasirlərindən olmuş Əhməd Daşköprüzadə ondan bəhs edərkən bu görkəmli islam mütəsəvvifi və alimini “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri”, – deyə adlandırmışdır.
XV əsrin ortalarında Naxçıvan şəhərində doğulan və özünə Naxçıvani nisbəsini götürən Nemətullah Naxçıvani kiçik yaşlarından Naxçıvanın tanınmış alim və müəllimlərindən dərs alaraq istedadlı şəxsiyyət kimi yetişmişdir. Bəzi mənbələrdə alimin Naxçıvandan sonra Təbrizdə elmini artırması və yaşaması barədə də fikirlər vardır. Bu görkəmli islam alimi sonralar qardaş Türkiyənin Ağşəhər qəsəbəsinə köçüb. Burada isə istər yaşayış tərzi, istərsə də ərsəyə gətirdiyi yazılı əsərləri ilə hər kəsə əxlaq, fəzilət, elm və irfan nümunəsi olub. Bu görkəmli alim haqqında bəhs edənlər yazırlar: “Tarixdə və günümüzdə, bilavasitə ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla tanınan bu böyük türk-islam alim və vəlisi dövründəki alim və vəlilərin ən irəlidə olanlarından idi”. “Naxçıvan tarixi” üçcildliyinin birinci cildində də görkəmli türk-islam alimi haqqında məlumat verilərək yazılır: “Naxçıvan bögəsinin yetirmələrindən olan və həyatının bir hissəsini Naxçıvanda keçirən məşhur alimlərdən, sufi şeyxlərindən biri hesab edilən Baba Nemətullah Naxçıvani zəmanəsinin məşhur alimlərindən idi”.
Baba Nemətullah Naxçıvaninin həyatı və fəaliyyətində, islam aləminin görkəmli alimi kimi yetişməsində Naxçıvan ictimai-mədəni mühitinin müstəsna rolu olub. Belə ki, qeyd edilən dövrlərdə Naxçıvanda çoxsaylı alimlər, görkəmli sənətkarlar, ədiblər, müxtəlif peşə sahibləri fəaliyyət göstərərək elmin və mədəniyyətin inkişafına xidmət ediblər. Bu görkəmli islam alimi və Quran təfsirçisi haqqında bəhs edən professor Hacıfəxrəddin Səfərli də özünün “Naxçıvanda sufiliklə bağlı mərkəzlər” monoqrafiyasında yazırdı: “Baba Nemətullah Naxçıvani uşaq yaşlarından islami elmləri öyrənməyə başlamış, həmin vaxtlardan özünün əqli, zəkası və digər müsbət keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Gənclik illərində zəmanəsinin bir çox alimlərindən, o cümlədən məşhur alim Xacə Mahmud Parsandan dərs almış və özü də qısa bir zamanda hicri IX (miladi XV) yüzilliyin məşhur alimlərindən birinə çevrilmişdir”.
Baba Nemətullah Naxçıvani kimi geniş şöhrət sahibi olan islam alimi və təfsirçisinin yaşayıb-təhsil aldığı XV əsrin ortalarından sonuna doğru Naxçıvan ciddi ictimai-siyasi hadisələr, o cümlədən mənəvi-ideoloji mühitlə zəngin idi. Bu görkəmli alimin gözünü açıb gördüyü təxminən XV əsrin ortalarından sonuna doğru olan dövr Ağqoyunlular dövlətinin qurulması və Səfəvilərin vahid Azərbaycan dövləti yaratması kimi ciddi ictimai-siyasi hadisələrlə səciyyəvidir. O da faktdır ki, Baba Nemətullah Naxçıvaninin islam alimi və təfsirçiliyinə gedən yolunun başlanğıcını Naxçıvandakı ilk təhsilindən alıb. Bunu nəzərə alsaq, bu dövrdə Naxçıvanın elm, eləcə də din elmi, sufi mərkəzlərindən biri olduğunu qeyd etməliyik. Artıq məlumdur ki, qeyd edilən dövrdə Naxçıvan görkəmli alimlərin yaşadığı, islam elmi və təriqətlərinin yayıldığı ciddi mərkəzlərdən birinə çevrilmiş və bura Fəzlullah Nəiminin adı ilə bağlı olan hürufiliyin, eləcə də digər sufi təriqətlərinin fəaliyyət mərkəzlərindən olmuşdur. Bunu tarixin təhrif olunmamış qaynaqlarından biri kimi hesab edilən və ərazidə indiyədək qalan epiqrafik abidələr də təsdiq etməkdədir. Naxçıvanda sufi təriqətlərinin görkəmli nümayəndələri arasında Şeyx Əbu Səidin ardıcıllarından olan Əbu Ömər Naxçıvani, Şeyx əbu Səid Əbül Xeyr-Xorasaninin nəslindən olan Şeyx Əbu Səid, habelə Hürufilik təriqətinin mürşidi Fəzlullah Nəimi və başqa xeyli sayda şeyxlərin adı çəkilir.
Mənbələr bunu da sübut edir ki, görkəmli alimlərin yetişməsində mühüm töhfələr vermiş Naxçıvanda orta əsrlər dövründə iki növ mədrəsələr olub. Hətta Yaxın və Orta Şərqin bir sıra ölkələrindən uşaqlar gəlib orada təhsil alaraq vətənlərinə qayıdıblar. Bu fikirləri orta əsr tarixçisi və coğrafiyaşünası Əbdürrəşid əl-Bakuvinin Naxçıvan şəhəri haqqında bəhs edərkən qeyd etdiyi aşağıdakı fikirlər də təsdiq etməkdədir. O yazır: “Orada (Naxçıvanda ) məşhur binalar, mədrəsələr və xanəgahlar var”. Ümumiyyətlə, Naxçıvanda mövcud olan epiqrafik abidələr, onların haqqında məlumat verdiyi Əl-ustad Mövlana Səfər, alim İzzəddin Məhəmməd, Şeyx Hacı Lələ Məlik, Mövlana Şəmsəddin Məhəmməd və başqa çoxsaylı elm və din xadimləri, tanınmış şeyxlərin məhz bu qədim türk-oğuz yurdunda fəaliyyət göstərmələri Naxçıvanda dini-ideoloji mühitin zəngin, islam elmi və dini təlimin yüksək olduğundan xəbər verir.
Naxçıvanda mövcud olan ictimai-siyasi durum, sabitlik müxtəlif peşə və sənət sahələrinin inkişafı ilə bərabər elmin də inkişafına təsir etməklə Baba Nemətullah Naxçıvani kimi görkəmli alimin yetişməsinə də səbəb olmuşdur. Sonralar Anadolunun Ağşəhər bölgəsinə gedən Nemətullah Naxçıvani burada geniş şöhrət qazanıb. Nemətullah Naxçıvani məhz burada öz istedadı ilə parlamış, böyük şöhrət sahibi olmuş, özünü misilsiz bir din alimi kimi tanıtmışdır. Onun ərsəyə gətirdiyi “Əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimil-Quraniyyə vəl-hukəmil-Furkaniyyə” adlı Quran təfsiri, eləcə də bir sıra digər əsərlərlə bağlı təfsirləri, yaradıcılıq məhsulları onun din elmi tarixində xüsusi mərtəbəyə ucalmasına vəsilə olmuşdur. Onun “Təsəvvüfə dair qardaşlara düzgün yol göstərmə” (“Hidayət əl-ixvan fi-t-təsəvvüf”) traktatı, eləcə də görkəmli islam alimi İbn-Ərəbinin “Hikmətlərin incə mənaları” (“Füsus əl-hikəm”) kitabına yazdığı şərh, habelə görkəmli islam filosof-alimi Mahmud Şəbüstərinin “Gülşəni-raz” fəlsəfi poemasına yazdığı izahlar təsəvvüf elminin fəlsəfi qayəsi və mahiyyətini şərh etmək baxımından yüksək qiymətləndirilmişdir. Onun “Nöqtənin sirlərinin şərhi” (“Şərh əsrar əl-nüktə”) adlı digər bir əsərinin olduğunu da xatırladırlar.
Qurana yazılan çoxsaylı təfsirlər içərisində Nemətullah Naxçıvaninin təfsiri daha çox öncüllük qazanmış və ona geniş şöhrət gətirmişdir. Tədqiqatçılarından İshaq Doğan haqlı olaraq yazır: “Müəllifin heç bir təfsirə müraciət etmədən yazdığı bu təfsir … təvil və təsəvvüf baxımından əhəmiyyətli bir əsərdir”. Əsərin özünəməxsusluğu və dəyəri ondadır ki, “Nemətullah Quranın başdan-başa hər ayəsini təsəvvüfi baxımdan təfsir etmişdir. Ondan əvvəl yazılan təsəvvüfi təfsirlər hər ayəni əhatə etməzdi, bəzi ayələri keçərdi. Ötürdüklərinin də hamısını deyil, bəzi kəlmələrini təfsir edər, ümumi mənasının üzərində durardılar. Baba Nemətullah isə hər ayəni kəlmə-kəlmə təfsir etmiş, təfsir etmədiyi ayə qoymamışdır…”.
Beləliklə, türk-islam mədəniyyətinin paytaxtı Naxçıvanda dünyaya göz açan və mənsub olduğu xalqa geniş şöhrət və qürur gətirən Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani və başqa çoxsaylı şəxsiyyətlərdən biri kimi Baba Nemətullah Naxçıvani də özünəməxsus mövqe və böyük şöhrət sahibi olmuşdur. Onun elm aləmində parlaması və böyük şöhrət qazanması ilk vətəni Naxçıvanda qiymətli alimlərdən aldığı təhsilin nəticəsi kimi iftixar doğurur. Onun Anadoluda böyük bir din alimi, şeyx, Quran təfsirçisi kimi özünə və xalqına qazandırdığı şöhrət, elmə gətirdiyi yenilik və verdiyi misilsiz töhfələr də alimin şəxsiyyətinə böyük ehtiram qazandırır. Türk-islam mədəniyyəti yurdu olan Naxçıvanın həm türk, həm də islam aləminə bəxş etdiyi bu kimi görkəmli şəxsiyyətlər və bu yurd yerinin tarixdə oynadığı misilsiz mövqe bu torpağın türk-islam mədəniyyətinin paytaxtı olmasını bir daha təsdiqləyir.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent