Naxçıvanda “III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi”i çərçivəsində müzakirə və dinləmələrə yekun vurulub
NUHÇIXAN xəbər verir ki, “Duzdağ” otelin ev sahibliyi etdiyi konqres üzrə müzakirələr 3 fərqli zalda, slaydların nümayişi ilə keçirilib. “Həzrəti Nuh” zalında təhsildən danışılıb. Türkiyənin və Amerikanın müxtəlif universitetlərində təhsil alan tələbələr bu dəfəki müzakirələrdə də fəallıq göstəriblər. Onlar hazırladıqları müxtəlif araşdırma mövzuları ilə çıxış ediblər. O cümlədən, ayrı-ayrı fənlər üzrə də dəyərləndirmələr aparılıb. Gənclərin xüsusilə universitet zamanı münasibətləri də digər müzakirə mövzusu olub. Səsləndirilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər müzakirə isə Duzdağ auditoriyasında davam edib. Sağlam həyat tərzi və gigiyena, yoluxucu xəstəliklər və onların yayılma yolları, erkən nigahların fəsadları, ailə qurarkən tibbi müayinədən keçmə, narkomaniyanın törətdiyi faciələr və digər mövzular haqqında geniş danışılıb. Gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlamlığı ilə bağlı geniş müzakirə aparılıb.
Əshabi-Kəhf auditoriyasında turizm mövzusu ətrafında davam edən müzakirələrdə vurğulanıb ki, həm muxtar respublikada, həm də Türkiyədə təhsil alan tələbələrin xüsusən gənclərin hər iki ölkənin turizm potensialı ilə yaxından tanış olması istiqamətində görülən işlər daha geniş miqyas almalıdır. Belə ki, gənclərin Türkiyə və Naxçıvandakı tarixi və turizm bölgələrinə ekskursiyası təşkil olunmalı, ali təhsil ocaqlarında tələbə mübadiləsi daha da genişləndirilməlidir. Bu o cümlədən turizm sahəsində qarşılıqılı əməkdaşlığa da zəmin yaradacaq.
Gülməmməd Əliyev