Azərbaycan və Türkiyə arasında gömrük məsələləri üzrə Birgə Komitənin ikinci iclası keçirilib
İyunun 28-də Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin ikinci iclası keçirilib.
NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun da təmsil olunduğu görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və xüsusilə də gömrük işi sahəsində əməkdaşlıq əlaqələrinin dinamik sürətdə inkişaf etdiyi və dünya ölkələrinə nümunə olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, birgə əməkdaşlığın və ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkiblər.
Gömrük məsələləri üzrə Birgə Komitənin iclasında çıxış edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşçı ölkəsinin gömrük sistemində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
İclasda ölkələrimiz arasında bütün sahələrdə dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərinin inkişafında hər iki ölkənin gömrük orqanlarının rolu qeyd olunub, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələrin qarşılıqlı əlaqələrin sürətli inkişafına töhfə verəcəyi vurğulanıb.
İclasda 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
İki ölkənin gömrük laboratoriyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə qarşılıqlı səfərlərin təşkil edilməsi, risklərin təhlili sahəsində həyata keçirilən uğurlu fəaliyyətlərin davam etdirilməsi barədə razılığa gələn tərəflər kinoloji xidmət üzrə əməkdaşlığın davam etdirilməsinin və birgə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.
Birgə Komitənin iclasında Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsinin daha səmərəli istifadəsinin təmin olunması məsələləri xüsusilə diqqətdə saxlanılıb. Bu məqsədlə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gələn tərəflər sərhəd keçidinin sürətləndirilməsini qərara alıblar. Eyni zamanda, Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi qərarlaşdırılıb.
İclasda Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında və əks istiqamətdə yüklərin, xüsusilə də canlı heyvanların daşınması məsələsi də müzakirə edilib. Məsələnin qısa zamanda müsbət həlli üçün iki ölkənin qida təhlükəsizliyi sahəsində aidiyyəti qurumlarının da iştirakı ilə görüş keçirilməsi razılaşdırılıb.
İki ölkənin gömrük xidmətləri avtomobil nəqliyyatı ilə tranzit daşımalar üzrə ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində görülmüş işləri müzakirə edərək, müvafiq texniki şərtlərə dair danışıqların tezliklə başa çatdırılmasını və tətbiqini qərarlaşdırıblar. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alan tərəflər gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava yolu ilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanmasına razılıq veriblər.
Birgə komitənin növbəti iclasının gələn il Bakı şəhərində keçirilməsi qərara alınıb.