QIZILQAYA ODASI

460

Qızılqaya zirvəsində, Günnütdə Azərbaycan bayrağının dalğalanması İlham Əliyevin qalibiyyət yürüşünün növbəti zəfəridir

Müstəqil Azərbaycan dövləti özünün məsuliyyətli və şərəfli tarixinin yeni mərhələsini yaşayır. Bütün yönləri ilə yüksək templərlə inkişaf edən ölkəmizdə artıq ərazi bütövlüyü məsələsinin həlli istiqamətində də qətiyyətli addımlar atılmaqdadır. 2016-cı ilin aprel döyüşləri süni şəkildə uydurulmuş yalançı erməni mifini dağıtmış, Azərbaycan Ordusunun qüdrətinə inam yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpə yüksəkliyinin fəth edilməsi və işğaldan azad edilmiş ərazilərdə – Cocuq Mərcanlı kəndində müasir həyatın əsaslı şəkildə bərpa edilməsi ilə Dağlıq Qarabağ probleminin həll ediləcəyinə xalqımızda dərin inam formalaşmışdır. Nəticə etibarilə Lələtəpə yüksəkliyinin fəth edilməsi böyük qələbənin dərk edilməsinə yeni baxışa çevrilmişdir. Cocuq Mərcanlı kəndinə qayıdış doğma torpaqlara dönüşün Azərbaycan tarixinə həkk olunmasına şərait yaratmışdır.
Bütövlükdə Lələtəpə – Cocuq Mərcanlı Azərbaycanın Dağlıq Qarabağ uğrunda haqlı mübarizəsinin böyük startının uğurlu başlanğıcı olmuşdur.
Naxçıvan Muxtar Respublikası ərazisində Qızılqaya yüksəkliyinin isə 2018-ci ildə fəth olunması böyük qələbənin çox da uzaqda olmadığına dərin inam yaratmışdır.
Şərur rayonundakı Danzik kəndi ərazisindəki Qızılqaya Naxçıvan Muxtar Respublikası ilə sonradan bolşeviklərin Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratmaq üçün həmin ölkənin ərazisinə daxil etdikləri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Dərələyəzlə və Əyricə yaylaqları arasındakı möhtəşəm dağ zirvəsidir.
Bu baxımdan hündürlüyü 1648 metr olan Qızılqaya Azərbaycanın Ermənistanla dövlət sərhədində mühüm strateji əhəmiyyətə malik olan özəl Qayadır. Arpaçayın sol yatağı tərəfdən qarşısındakı Böyük və Kiçik Qala dağlarının ətəyindəki Yastan yaşayış yerinin də sağ sahilindəki Qarağac-Qaraqasım məskənlərində Danzik kəndi sakinlərinin ulu əcdadları yaşamışdır.
Arxeoloqların fikrincə, Yastan yaşayış məskəni ərazisindəki qədim qəbiristanlıqların ən azı 3 min ilə yaxın yaşı vardır. Xalq arasında Yastan və Qara Qasım qəbiristanlıqları Oğuz qəbiristanlıqları adlandırılırdı. Buradakı uzun məzarların üzərindəki böyük baş daşları “Kitabi-Dədə Qorqud” dastanlarındakı təsvirlərlə səsləşir.
Qızılqaya ətəklərindəki günün vaxtını – saatı bildirən Hacıəlibəyin daşı isə Dədə Qorqud boylarındakı Günortac daşı idi. Bütün bunlara görə Qızılqaya ətrafı azərbaycanlıların yaşadıqları ən qədim, əzəl Qayadır.
Azərbaycan Əlahiddə Ordusu Qızılqaya yüksəkliyini fəth etməklə dədə-babalarımızın 11 min hektar tarixi torpaqlarını geri qaytarmaq yolunda böyük zəfər qazanmışdır.
Qızılqaya yüksəkliyinin sağ aşırımında vaxtilə azərbaycanlıların yaşadıqları və Şərur mahalına aid olan Günnüt, Çanaxçı və Çivə kəndləri yerləşir. Sovet rejimi 1929-cu ildə Çanaxçı və Çivə kəndlərini, Qızılqayanın sol alnındakı Amağu kəndini Ermənistana “bəxş etmişdir”. Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisinə yaxın olan Xəcik kəndi də vaxtilə Ermənistanın xeyrinə Azərbaycandan alınmış yaşayış məskənlərindən biridir. Bu ərazilərdə yalnız Günnüt kəndi Naxçıvan Muxtar Respublikasının ərazi vahidi kimi saxlanılmışdır.
Şərur rayonunun Danzik kəndindən Günnüt kəndinə cəmi 4-5 kilometrlik məsafə vardır. Atam Əkbər Həbibbəyli 1941-ci ilin sentyabr ayından 1942-ci ilin yanvar ayınadək qonşu Günnüt kəndində müəllimlik etmiş, həmin kənddən Böyük Vətən müharibəsinə yola salınmışdır.
Danzik kəndinin sağ tərəfindən Günnüt kəndinə Quladaşın dərəsi adlanan ara yolla bir saatdan bir qədər çox vaxta getmək mümkündür. Vaxtilə Günnüt kəndində kolxoz sədri vəzifəsində çalışmış Ələşrəf kişinin gün ərzində at ilə və ya piyada Danzik kəndinə gəlib-qayıtdığını kəndimizin adamları yaxşı xatırlayırlar. Yaxud Günnüt kəndində ibtidai məktəbi bitirmiş yeniyetmələr də Quladaşın dərəsindən keçən kəsə yolla rahatlıqla Danzik kəndinə gəlib təhsillərini davam etdirmişlər.
Biz məktəbli ikən Qızılqaya ətəklərindən və Qarağacın üstündəki Bacalı Qayadan Günnüt kəndinə əl içi kimi baxmışıq. Günnüt kəndinin qarşısından Qızılqaya ətrafından Çivə kəndinə qədər olan ərazidə yerləşən Pəyədərə və Zərdədərə adlanan örüş və əkin yerlərindən Danzik kolxozu həmişə qışlaq yeri və dəmyə əkin torpaqları kimi istifadə etmişdir.
Eyni zamanda Qızılqayanın qarşısında Arpaçayın sol ətəyindəki Mehri dərəsi də qədim bəy torpaqlarından olmuş, sovet hakimiyyəti illərində heyvandarlıq və əkinçilik məqsədilə istifadə olunmuşdur. Geniş ərazisi olan Mehri dərəsindəki bol suya malik Orta bulaq, Ayaq bulaq və Baş bulaq burada kənd təsərrüfatının ayrı-ayrı sahələrini inkişaf etdirməyə geniş imkan yaratmışdır.
Bundan başqa, Qızılqaya həm də zəngin heyvanat aləmi ilə də diqqəti cəlb edir. Bu möhtəşəm Qayanın sərt qayalıqları arasındakı mağarada pələng yatağı müəyyən olunmuşdur. Hətta Danzik kəndinin sakini ovçu Əmrah XX əsrin 60-cı illərinin ortalarında Qızılqayada aslanla əlbəyaxa olmuş, pələngi vurub kəndə gətirmiş, dərisini kənd məktəbinin yanındakı elektrik dirəyindən asmışdı.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları və muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda da Qızılqayada bəbir olduğunu dəqiqləşdirmişlər. Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”ında Danzik kəndi ərazisində bəbir sinfindən olan pələngin olduğu qeyd edilmişdir.
Ona görə də Azərbaycan Ordusunun qəhrəmanlıqla Qızılqayanı işğaldan azad etməsi ilə əkin və heyvandarlıq üçün çox əhəmiyyətli olan geniş ərazilər, nadir heyvanlar aləmi ölkəmizə qaytarılmışdır. Bu ərazidən köçürülməyə məcbur edilmiş Günnüt kəndi və ətrafındakı böyük kövşənlərdən yəqin ki, yenidən ölkəmizin yararlı və məhsuldar torpaqları kimi istifadə olunacaqdır.
Qızılqaya yüksəkliyinin Azərbaycan ordusunun nəzarətində olması sakinlərin dədə-baba torpaqları olan Günnüt kəndinə qayıtmalarına tam əsas verir. Heç şübhəsiz, Şərur rayonunun Günnüt kəndində Azərbaycanın işğaldan azad edilmiş ikinci Cocuq Mərcanlı kəndi kimi normal həyat bərpa ediləcəkdir.
Beləliklə, Günnüt kəndi Azərbaycan Ordusunun da həmin ərazilərdəki etibarlı arxa cəbhəsi funksiyasını yerinə yetirəcəkdir. Eyni zamanda Qızılqayanın düşməndən geri alınması Şərur torpaqlarının qan damarı hesab edilən Arpaçay dəryaçasının təhlükəsizliyinin təmin edilməsinə meydan açmışdır.
Artıq kütləvi informasiya vasitələrində Azərbaycan Müdafiə Nazirliyinin Qızılqaya yüksəkliyinin alınması ilə Ermənistanın mərkəzindən Qarabağa gedən əsas magistral yolunun ordumuzun nəzarətinə keçməsi haqqında rəsmi məlumatları yayılmışdır. Həmin əraziləri az qala qarış-qarış tanıdığım üçün bu gerçəkliyin əhəmiyyətini bir daha nəzərə çatdırmaq istərdim.
Belə ki, İrəvandan Dağlıq Qarabağa gedən yeganə magistral yol Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə çatmamış Arazdəyən adlanan kənddən sol tərəfə dönərək dağlıq ərazi ilə Çanaxçı-Yelpin-Çivə-Arpa kəndlərindən keçməklə Yexeqnadzor-Paşalı istiqamətində indiki Ermənistanın Sisiyan rayonuna çatır və oradan da Gorus-Laçın yolu ilə Şuşaya istiqamətlənir. Qızılqaya yüksəkliyindən həmin strateji şose yolunun Çanaxçı-Yelpin-Çivə-Arpa kəndi ərazisindən keçən hissəsi çox aydın görünür. Ona görə də Qızılqayanın və Günnüt kəndinin fəthi hərbi cəhətdən də son dərəcə əhəmiyyətlidir və Azərbaycan Ordusunun sonrakı həmlələrinə real zəmin yaradır.
Günnüt kəndinə gedən Bağırsaq dərəsi yolu bağlandıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Eyvazxan yüksəkliyi tərəfdən çətin dağlıq şəraitində Günnüt kəndinin mümkün ola biləcək yaxın ətrafınadək yol çəkdirməsi bu gün xüsusi əhəmiyyətə malik addım kimi diqqəti cəlb edir.
Azərbaycan Ordusunun nəzarətində olan Qızılqaya və Eyvazxan yüksəkliklərindən alınmaz qala kimi vətən torpaqlarına ayıq-sayıq keşik çəkir.
Şərur rayonunun Danzik kəndi ərazisindəki Qızılqaya zirvəsində Azərbaycan bayrağının dalğalanması böyük milli qürur hadisəsidir.
Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı məqsədyönlü mübarizənin, həyata keçirdiyi müdrik siyasətin real nəticəsidir və ilk böyük təntənələrindən biridir.
Qızılqaya zəfəri Azərbaycan Ordusunun qalibiyyət yürüşünün yeni bir mərhələsidir.
Qızılqaya-Günnütün işğaldan azad edilməsi geniş mənada işğalçılıq siyasətinin məhvə məhkumluğunun daha bir göstəricisidir.
Günnüt kəndinin yeni həyatı Azərbaycanın işğal altında olan bütün ərazilərinin yaxın gələcəyinin nidasıdır.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda daha böyük inam və qətiyyətlə mübarizə aparmasına tam təminat verir.
Beləliklə, Qızılqaya həm hərbi-strateji cəhətdən, həm də ərazi bütövlüyü baxımından son qalibiyyət zəfərinin rəmzi olaraq sabaha daha böyük inamla və ümidlə baxmağa çağırır:

Qızılqaya –
Qədim oba,
Oğuz yurdu,
Əzəl qaya!
Dörd fəsli də
Gözəl qaya.
Uğur rəmzi,
Özəl qaya.
Haqq bizimdir,
Vaxt bizimdir,
Tez ol, qaya!..

 

İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: