Ermənilər Gürcüstanın tarixi-mədəni abidələrini özününküləşdirməkdə davam edirlər

213

Ermənilərin Gürcüstanda gürcülərə məxsus tarixi, dini mədəniyyət abidələrini özününküləşdirmə siyasəti davam edir. Artıq yüzlərlə kilsənin sənədləri saxtalaşdırılaraq erməniləşdirilib. Gürcü alimlər həyəcan təbili çalırlar.

NUHÇIXAN xəbər verir ki, indi də ermənilər paytaxt Tbilisinin mərkəzindəki Leselidze küçəsində yerləşən “Bojiy Materi” kilsəsini ələ keçirmək istəyirlər. Bu kilsənin gürcülərə məxsus olduğu tarixi faktlarla təsdiq olunsa da, ermənilər öz dədə-baba adət-ənənələrinə sadiq qalaraq kilsənin onlara məxsus olduğunu iddia edirlər. Son günlər Gürcüstanda yaşayan ermənilərin Ermənistandakı və xarici ölkələrdəki havadarlarının dəstəyi ilə fəallaşması ölkədə ciddi narahatlıq doğurub. Tarixçi və dinşünas alimlər ermənilərin bu iddialarına tutarlı cavablar hazırlayıblar. Onlar bildirirlər ki, hazırda məsələ ilə bağlı məhkəməyə müraciət olunub. Alimlər məsələni digər elm və mədəniyyət xadimlərinin, antropoloqların iştirakı ilə beynəlxalq müstəvidə müzakirə etməyə çalışırlar. Lakin ermənilər gürcü alimlərin bu təklifini cavabsız qoyublar.

Dinşünas alim, Beynəlxalq Biznes Mədəniyyəti İnkişaf Mərkəzinin direktoru Ketevan Tripolski deyib ki, Gürcüstanda yaşayan ermənilər uzun illərdir ki, torpaqlarımıza, milli dəyərlərimizə, milli mətbəx nümunələrimizə və tarixi-mədəni abidələrimizə sahib çıxmağa çalışırlar. Təəssüf ki, bəzi hallarda müəyyən səbəblərdən onlar öz istəklərinə nail olublar. Amma biz daha buna yol verə bilmərik. Onlara daha imkan verməyəcəyik ki, bizim milli mədəni, tarixi abidələrimizə sahib çıxsınlar.

Mərkəz direktorunun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra ermənilər kütləvi surətdə gürcülərə məxsus olan kilsələri özbaşına bərpa etməyə və öz adlarına çıxmağa başladılar. Bu gün Gürcüstanda olan 600 kilsənin saxta sənədlərlə ermənilərə məxsus olduğunu iddia edirlər. Tbilisinin mərkəzindəki Leselidze küçəsindəki “Bojiy Materi” kilsəsi də bu məbədlərdən biridir: “Bu məbədin gürcülərə məxsus olduğunu sübut etmək üçün kilsənin içərisində qazıntı işləri aparıldı və üzərində gürcü əlifbası ilə yazılmış lövhə tapıldı. Lakin ermənilər daha böyük həyasızlıqla həmin yazılı daşın saxta olduğunu iddia edərək məhkəməyə müraciət ediblər. Bu gün də davam edən məhkəmə prosesinin sonu görünmür”.

Dinşünas alimin sözlərinə görə, Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristianlığı qəbul edən ikinci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşayıb. “Bojiy Materi” kilsəsi təqribən IX əsrdə tikilib. Həmin dövrlərdə isə nəinki Gürcüstanda, heç Cənubi Qafqazda ermənilər olmayıblar. “İctimaiyyət bilməlıdir ki, bu torpaqlarda heç vaxt ermənilərə aid kilsə olmayıb, ona görə ki, məlum kilsələr tikilən dövrlərdə Gürcüstan ərazisində ermənilər yaşamayıb, onları XVII-XVIII əsrlərdə bizim torpaqlara köçürüblər”, – deyə, K.Tripolski vurğulayıb.

Tarixçi alim Quram Marxuliya da bildirir ki, ermənilər Leselidze küçəsindəki kilsədə aparılan qazıntı işləri zamanı tapılan və gürcü əlifbası ilə yazılmış daşın saxta olduğunu iddia edərək öz sərsəm iddialarından əl çəkmirlər. Alim çox maraqlı bir fakta diqqət çəkərək deyib: “Gürcülər kilsədə dini ayinləri icra edən ali dini xidmətçini dünyasını dəyişəndə kilsənin içərisində dəfn edirlər. Ermənilər isə adətən ölən adamları kilsənin içərisində yox, həyətində dəfn edirlər. “Bojiy Materi” kilsəsində də belədir. Ali dini keşiş kilsənin içərisində dəfn olunub. Bundan əsas dəlil, sübut ola bilməz. Ancaq biz bu həyasızları inandıra bilmirik ki, iddianız və arzunuz boş xülyadan başqa bir şey deyil”.

Marxuliyanın sözlərinə görə, ermənilər əslində Gürcüstan hökumətinin dəfələrlə olan güzəştlərindən sui-istifadə edirlər. Amma artıq heç bir güzəşt olmayacaq və gürcülər öz tarixinə və mədəniyyətinə sahib çıxacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: