NUHÇIXAN xəbər verir ki, bu il Naxçıvan şəhərini əhatə edən kəndlərin əkin sahələrinin 1028 hektarından taxıl məhsulu toplanacaq. Həmin sahələrin 767 hektarı buğda, 261 hektarı isə arpa zəmiləridir. Əliabad qəsəbəsində qısa müddətdə 10, Tumbul kəndində 69, Qaraxanbəyli kəndində 35, Qaraçuq kəndində isə 65 hektarda biçin başa çatdırılıb, sahələrdən bol məhsul götürülüb.
Qeyd edək ki, taxıl biçini ilə yanaşı məhsulun qəbulu da mütəşəkkil səviyyədə həyata keçirilir. Artıq bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən buğda qəbuluna başlanılıb.
Müəssisəyə qəbul olunan 1 kiloqram buğda 30 qəpikdən hesablanır. Qarğıdalının da 1 kiloqramı 30 qəpikdən qəbul ediləcək. Qeyd edək ki, ötən il və ondan əvvəlki illərdə anbarlara kifayət qədər arpa qəbul edildiyindən bu il arpanın qəbulu aparılmır.
Əbülfəz Dünyamalıyev