Müdafiə Nazirliyi: Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır
Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.
“Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, – deyə Müdafiə Nazirliyindən bildiriblər.