“Rusiya 2018”: Danimarka millisi səkkizdəbir final mərhələsinə yüksəlib

190

İyunun 26-da Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının “C” qrupunun sonuncu turunda Avstraliya-Peru və Fransa-Danimarka oyunları keçirilib. Bu qrupda yer alan Fransa millisi səkkizdəbir finala vəsiqəni vaxtından qabaq təmin edib. Pley-offa ikinci vəsiqənin taleyi isə sonuncu turun oyunlarının nəticələrindən asılı olub və Danimarka millisi növbəti mərhələyə adlayıb.

NUHÇIXAN xəbər verir ki, Avstraliya və Peru komandaları Soçidəki “Fişt” stadionunda qarşılaşıblar.

Oyuna fəal başlayan Peru millisi matçın 18-ci dəqiqəsində istəyinə nail olub. Perulu Andre Karrilo fərqlənərək oyunda hesabı açıb. Görüşün ilk hissəsi Peru millisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Rusiyalı baş hakim Sergey Karasevin idarə etdiyi oyunun 50-ci dəqiqəsində Paolo Qerrero ikinci topu Avstraliya yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Peru millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyunu – Danimarka-Fransa matçı isə Moskvadakı “Lujniki” stadionunda keçirilib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb və dünya çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb.

Fransa millisi 7 xalla qrup birincisi, Danimarka isə 5 xalla qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə adlayıb. Peru 3 xalla qrupda üçüncü, Avstraliya yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: