Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir. Respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
İnsanların sosial şəbəkə hesablarında, paylaşımlarında ancaq bu günü özündə əks etdirən şəkillər, statuslar, videoçarxlardır. Bu gün hara baxsam üçrəngli bayraq dəyir gözümə. Bir də bu üçrəngli bayrağın fonunda Azərbaycan əsgəri. O üç rəngin sehrinə qapılır insan. O rənglər ki, bu gün ölkənin ən yüksək zirvəsində Azərbaycan əsgərinin əlində dalğalanaraq, küləyi fəth edib zirvələrdə taxt qurur.
26 iyun. Bu gün tariximizin daha bir şanlı səhifəsinin yazılmasından tam 100 il ötür. Təqvimin bu yarpağında xalqımız öz güclü ordusunun yaranma tarixini qeyd edir. Milli ordumuzun yaradılmasına ulu öndərin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Bu günün tarixinə gəldikdə, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 1918-ci ildə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub. Həmin tarixdən etibarən 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün kimi hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
Peşəkar və qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilməz. Sahib çıxa bilməz bir qarış torpağına, yurduna, el-obasına, vətəndaşına. Düşmənlə mübarizədə son zamanlarda həyata keçirilən uğurlu hərbi təlimlər, düşmən üzərindəki qələbələr bizim güclü ordumuz olduğunu deməyə əsas verir.
Vətəni, onun qoynunda olan nə varsa- daş-kəsəyini, suyunu, torpağını, insanlarını sevməkdir əsl vətəndaşlıq. Eyni zamanda Vətən uğrunda ölümün gözünə dik baxan, son nəfəsinə qədər mübarizə aparan vətənpərvər övladları da unutmamaq, unutdurmamaq, daim yaşatmaqdır. Bu gün hamımız bir amal uğrunda birləşməli, Vətəni qorumaq naminə əl-ələ verməliyik. Sözün əsl mənasında, ona sahib çıxmalıyıq.
Ey Azərbaycan vətəndaşı, Vətən sənindir. Vətən mənimdir. Vətən bizimdir. Çətini bunu dərk edincəyə qədərdir. İnsan ilk olaraq nəyə və niyə xidmət etdiyini bilməlidir. Sonrasında isə içimizdə olan Vətən sevgisi, müdafiə hissinin müşayiəti ilə yola düşmək qalır. Yolumuz Horadizin, Lələtəpənin, Günnütün, Qızılqayanın qələbə cığırlarından keçəcək. Yolun sonunda isə, heç şübhəsiz ki, uğur var. Hə, gün gələcək, sehrli, düşmənin gözünü qamaşdıran o ÜÇRƏNGLİ simvolu elə onların gözü qarşısında Qarabağda ən yüksək zirvəyə sancacağıq! Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, O bayraq sonra Bakının mərkəzi meydanından qələbə zəfərinin müjdəçisi kimi keçəcək!
Tezliklə zəfər himninin dodaqlarımızda pərvazlanıb dildən-dilə gəzməsi ümidi ilə
Fatma Babayeva
NUHÇIXAN