Bayraq qoxan torpaqlarda dalğalanır bayrağım

550

19-cu əsrin əvvəllərindən başlayaraq 20-ci əsrin sonunadək müəyyən mərhələlərdə enilən tariximizi, sönməkdə olan  ümidlərimizi son illərdə yeniləyib, cilalayırıq. İndi hər ümidsizliyə düşdüyümüzdə,  geriyə dönüb baxdığımızda ordumuzun Lələtəpə əməliyyatı ilə başlayıb hələ ki Günnüt uğuru  ilə bitən zəfər yolu örnək olmalıdı bizə. Bu yerlərdə dalğalanan 3 rəngli  bayrağımız da düşmənə göz dağıdır.

                Altun köksün hilal-yıldız, işıqları öpüncə,

                Zirvəsindən Şah dağının gündoğuşu dinilür.

                Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,

                Bir siyaqla könüllərə hey salamlar söylüyür.

                O yerlərdə qardaşları, dostları var, pək sevir,

                Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

5 saat düşmənlə təkbətək döyüşən, onlara ağıq itkilər verən Mübarizimizi, bayrağımıza baş qaldıranın başını əyməyə məcbur edən Ramilimizi və adını sadalamadığım yüzlərlə, minlərlə qanının son damlasınadək vuruşan, döyüş meydanını son nəfəsində belə tərk etməyən qəhrəman oğullarımızı xatırladıqca, anladıqca, anlatdıqca bu torpaqlara layiq olacağıq. Kəklikotu, yovşan  qoxusunun torpağa qarışdığı bu yerləri sevdikcə, vətən anlayışını tam olaraq dərk etdikcə və bunu bizdən sonrakı nəsillərə aşıladıqca da daha güclü olacağıq.   

Vətən aldığımız nəfəs, damarlarımızda dolaşan qan, həsrət qaldığımız, bağrımıza basmaq üçün can atdığımız Cıdır düzü, İsa bulağı, Çətir şəlaləsi, Əsgəran qalasıdı. Vətən bu torpaqlar üçün canından keçənlərin şəhidlik ünvanıdı.  Vətən vəsf  eləməyə sözlərin, cümlələrin kifayət etmədiyi bir məfhumdu.   Bu məfhumu qorumaq da bizim borcumuzdu. O da faktdır ki,  güclü ordumuz ilə artıq bu missiya heç də çətin olmayacaq. Hazırda ordumuz nəinki düşmən təcavüzünə cavab vermək, neçə illərdir insan nəfəsinə həsrət qalan torpaqlarımızı da işğaldan azad etməyə qadirdir.

Muxtar respublikada 2017-ci ildə müstəqillik günümüzün 26-cı ildönümü və ilk hərbi hissənin yaradılması münasibətilə  keçirilən hərbi paradda bunun bir daha şahidi oldum. Həmin anda paradda iştirak edənlərin üzərində olan hissləri, o qürur dolu baxışları, Azərbaycan əsgərinə tuşlanan inam dolu nəzərləri görəndə gələcəyimizin  əmin əllərdə olduğuna bir daha arxayınlıq yarandı. Son dəfə belə bir mənzərəyə 17 il əvvəl şahidlik etmişdim.  Bakıda “Türk şahin”ləri, türklər demişkən “gövdə göstərisi etmiş”  türk ulduzlarının səsi Azərbaycan səmalarında eşidiləndə hər kəsin gözündə sevinc işıqları görünmüş, artıq haqq yolundakı savaşda və regionda sülhün qorunmasında  tək olmadığımızı hiss etmişdik.Tam fərqli bir duyğu idi. Bu gün isə Naxçıvan səmalarında yerli Əlahiddə Ümumqoşun Ordunun qartalları  ənginlikdə polad qanadlarını  gərərək  düşmənə göz dağı verir. Bax, bu daha da qürurverici duyğudu.

Lələtəpədə, Qızılqayada və Günnütdə yazılan ən yeni tariximizi, dalğalanan bayrağımızı yaxın zamanda Qarabağda zirvəyə çatdıracağımıza inamımız sonsuzdu. Çünki ora yol bu “şahinlərin” qanadından keçir !!!

 

Elvir Qasımzadə

Naxçıvan televiziyasının əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: