“Rusiya 2018”: Belçika millisi səkkizdəbir finala vəsiqə qazanan dördüncü komanda oldu

214

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının növbəti oyun gününün ilk görüşündə “G” qrupunda yer alan Belçika və Tunis milliləri qarşılaşıblar.

NUHÇIXAN xəbər verir ki, Moskvadaki “Spartak” stadionunda keçirilən oyunda hesabı altıncı dəqiqədə belçikalılar açıblar. Tunis millisinin cərimə meydançasında yaranan mübahisəli epizod VAR sistemi sayəsində qaydalardan kənar müdaxilə kimi qiymətləndirilib. Nəticədə referi Tunis yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Komandanın kapitanı Eden Hazard zərbəni dəqiq yerinə yetirib – 1:0.

İlk qoldan on dəqiqə sonra belçikalı Romelu Lukaku qapıçı ilə təkbətək çıxaraq rəqibin qapısından ikinci topu keçirib. Oyunda əsas əks hücumlara üstünlük verən Tunis millisi 18-ci dəqiqədə hesab arasındaki fərqi azaldıb.

Birinci hissədə Tunis millisinin iki oyunçu Ben-Yusef və qolun müəllifi Dolan Bron zədələnərək meydanı tərk ediblər. Birinci hissənin əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Romelu Lukaku Menyenin ötürməsini qola çevirib – 3:1. Bu Romelu Lukakunun mundialda vurduğu dördüncü qol olub. Beləliklə, Belçika millisi fasiləyə 3:1 hesablı qələbə ilə yollanıb.

Qarşılaşmanın ikinci hissəsində də üstün oyun nümayiş etdirən Belçika yığması oyunun 54-cü dəqiqəsində rəqibi oyuna yenidən mərkəzdən başlamağa məcbur edib. Tobi Alderveyreldin diaqonal ötürməsindən sonra qapıçı ilə təkbətək çıxaran Eden Hazard özünün ikinci, komandasının isə dördüncü qolunu vurub.

Oyunun əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Mişa Batşuayi fərqlənib – 5:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Bu dəfə Vaxbi Xəzri adını tabloya yazdırıb – 5:2.

Beləliklə, Belçika millisi mundialda ikinci qələbəsini qazanaraq pley-off mərhələsinə adlayıb. Tunis yığması isə ikinci məğlubiyyətə uğrayaraq növbəti mərhələyə çıxmaq şansın itirib. Qrupda ikinci tura Almaniya-İsveç oyunu ilə yekun vurulacaq. Həmən görüş Baki vaxtı ilə saat 22:00-da baş tutacaq.

Qeyd edək ki, heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il Meksika üzərində qazanıb: 3:1. Bununla da Tunis dünya çempionatlarında qalib gələn ilk Afrika ölkəsi olub. Sonralar isə 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

Saat 19:00-da “Rostov Arena”da başlayacaq günün ikinci matçında “F” qrupunda yer alan Cənubi Koreya və Meksika yığmaları qarşılaşacaqlar. Saat 22:00-da isə Soçidəki “Fişt Arena”da Almaniya və İsveç millilərinin görüşünə start veriləcək. Hər iki qarşılaşma İctimai Televiziya və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: