Naxçıvan Muxtar Respublikası ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı hal alan iqtisadi islahatlar və uğurlu sosial siyasət makroiqtisadi nailiyyətlərin əhatə dairəsini genişləndirmişdir. Bu da muxtar respublikanın hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələnin əsaslarını yaratmışdır. Müasir dövrdə sosial-iqtisadi, ictimai-siyasi və digər sahələrdə özünü göstərməkdə olan bu üstünlüklər dünya ölkələrinin hazırkı hərbi-iqtisadi böhranlara məruz qaldığı vaxtlarda çox möhtəşəm görünməkdədir. Məhz Naxçıvan Muxtar Respublikası bütün bunlarla, bütövlükdə ölkəmizin sabitlik adası olmaqla yanaşı, həm də çoxşaxəli inkişaf proseslərini düzgün istiqamətləndirməsinə təkan olmaqdadır.
Azərbaycan iqtisadiyyatının ötən əsrin əvvəllərindən etibarən bazar münasibətləri əsasında təşəkkülü istiqamətlərinin müəyyən edilməsi onun regionlarının güclü istehsal potensialına malik olmasına imkanlar yaratdı. Bu isə təbii ki, iqtisadi siyasətin yeni idarəetmə əsasında daha da inkişafı üçün stimul oldu.
Xalqımızın ümummilli lideri dahi Heydər Əliyevin əsaslarını qoyduğu müasir iqtisadi islahatlar məhz Naxçıvan Muxtar Respublikasından başlanmaqla, keçən illərin qürurverici salnaməsinə çevrildi.
Bu gün Naxçıvan Muxtar Respublikasının milli iqtisadiyyat və dövlət quruculuğu proseslərindəki əhəmiyyətli rolu daha da artmaqdadır. Bu özünü uzaq gələcək üzrə müəyyən edilən hədəf və prioritetlərdə, eləcə də bunlar üçün stimullaşdırıcı mexanizmlərin təşkili məsələlərində də göstərməkdədir. Daha çevik, daha qətiyyətli, daha pozitiv addımlar yeni inkişaf mərhələlərinin açılmasına gətirib çıxarmaqdadır.
Qürurla qeyd edə bilərik ki, Naxçıvan Muxtar Respublikası bu məqsədlər çərçivəsində yeni bir missiyanı da uğurla davam etdirməkdədir. Bu, 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı olmaq kimi tarixi nailiyyətdən ibarətdir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olundu. Azərbaycan Respublikası Prezidenti tərəfindən isə 2 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalandı. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 23 yanvar 2017-ci il tarixili Sərəncamı sözügüdən sahə üzrə həyata keçirilən tədbirlərin təşkilati-hüquqi və siyasi əhəmiyyətini daha da artırdı.
İnkişafın və tərəqqinin yeni hərəkətverici qüvvəsi olan bu proseslər muxtar respublikanın milli və beynəlxalq səviyyələrdəki rolunun artmasına ən yüksək qiymətin ifadəsidir.
Bu gün Naxçıvan Muxtar Respublikası üçün hər birimizə qürur verən tarixi bir gündür. Belə ki, 2018-ci il iyun ayının 20-si Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbirinin keçirildiyi gün olaraq tarixə düşəcək. Bu, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 60-a yaxın ölkənin gələcək dövrlər üzrə birliyində və əməkdaşlığında Naxçıvan Muxtar Respublikasının rolundakı perspektivliyin yüksək olacağını göstərir. Digər tərəfdən, bu, həm də Naxçıvan Muxtar Respublikasının vəhdət, humanistlik və dostluq ideyalarının dünya tərəfindən qəbul edildiyini və dəstəkləndiyini ifadə etməkdədir. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktorunun, TÜRKSOY-un baş katibinin, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirlərinin, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinlərinin və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etməsi də fikrimizi təsdiq etməkdədir. Bununla da muxtar respublikamız kiçik ərazisi və böyük mənəviyyatı ilə dünya əhəmiyyətli yeni tədbirlərə ev sahibliyi edəcəkdir.
Naxçıvan Muxtar Respublikası bütün bu üstünlüklərlə:
- dünyaya öz qapılarını açmaqla, bundan iqtisadi prioritetlərə və onun çoxşaxəliliyinə doğru qətiyyətlə addımladığını;
- milli-mənəvi dəyərlərə hörmətlə yanaşaraq, ölkənin tarixi, ictimai və siyasi sahələr üzrə inkişafını təmin etdiyini;
- ölkədə tolerantlığın inkişafına töhfə verməklə, dinlərarası qarşılıqlı hörmətin, yardımlaşmanın və mədəniyyətin ən yüksək səviyyəsinin bərqərar edilməsindəki əhəmiyyətini;
- İslam dininin ümumbəşəri dostluq, eyni zamanda digər dinlər üçün xoşməram aşıladığını həm regionda, həm də dünyada sübut etdiyini;
- bütün sahələr üzrə uğur və zəfərləri hədəflədiyini göstərdi.
Naxçıvan Muxtar Respublikası keçdiyi tarixi-iqtisadi inkişaf yolu ilə eyni zamanda:
– iqtisadiyyatı keçid dövrü mərhələsindən milli səviyyədəki perspektivlərə qədər gücləndirdi;
– siyasəti müstəqilliyin ilk illərindən dünyaya yön verəcək təşəbbüs və ideyalara qədər zənginləşdirdi;
– bununla da blokadanı məhdudlaşdırıcı təsirlərdən təsirsiz məhdudlaşmaya qədər zəiflətdi. Həm də o qədər zəiflətdi ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, hərbi sahədəki nailiyyətlərinə də baş ucalığı gətirdi. Qürurverici Günnüt qələbəsinə qədər tarix yazıldı. İqtisadi, sosial, ictimai, siyasi, İslam və digər sahələr üzrə mədəniyyət anlayışının yeni-hərbi səhifəsini açdı.
Bu göstəricilərlə ölkəmiz və muxtar respublikamız bütün dünyaya bəyan edir ki, hərbi qüdrətin və gücün mahiyyəti bədnam ermənilərin torpaq işğalı və soyqırım anlayışlarından ibarət olmayıb, ərazi bütövlüyünün bərqərar edilməsi, vətənin müqəddəsliyinin, sülhün və əmin-amanlığın qorunmasından ibarət çox yüksək mədəniyyət anlayışını özündə yaşatmaqdadır. Məhz Naxçıvan Muxtar Respublikası keçdiyimiz 22 ildən artıq dövrdə sosial-iqtisadi, ictimai-siyasi, mədəni-hüquqi və hətta hərbi sahələrdəki inkişafı ilə insan, vətən və vətəndaş anlayışlarına, onun rifahına və təhlükəsizliyinə üstünlük verdiyini hər addımda göstərməkdədir.
Beləliklə, Naxçıvan Muxtar Respublikası bu gün tarixi uğurlarına bir yenisini də əlavə etməkdədir. Müasirliyin, yeniliyin, inkişafın, gələcəyə baxışın və ən yüksək dəyərlərin ifadəsi olacaq bu tədbir bütövlükdə ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsində həlledici olacaqdır. Bu yolda bütün təşkilatçılara minnətdarlıq edir, uğurlar arzulayırıq.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent