“Rusiya 2018”: Mundialın onuncu gününün ilk oyununa Belçika və Tunis yığmaları çıxıblar

190

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının X gününün ilk görüşündə “G” qrupunda yer alan Belçika və Tunis milliləri qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, Moskvadaki “Spartak” stadionunda keçirilən oyunda belçikalıların start heyətində meydançaya Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertonqen, Aksel Vitsel, Kevin De Breyne, Romelu Lukaku, Eden Azar, Yannik Karrasko, Dris Mertens, Toma Mene və Dedrik Boyata çıxıblar.

Tunis millisində start heyətində isə Faruk Ben-Mustafa, Siam Ben-Yussef, Yassin Meriya, Saif-Eddin Haui, Faxreddin Ben-Yussef, Anis Badri, Vahbi Xazri, Dilan Bronn, Ali Maalul, Ferjani Sassi və Eles Sxiri Joris yer alıblar.

Birinci turda Belçika millisi Panamaya 3:0 hesabı ilə qalib gəlib. Tunis yığması ilə İngiltərə komandasına 1:2 hesabı ilə uduzub.

İndiyədək komandalar üç dəfə üz-üzə gəliblər. Bu matçlarda yığmalar hərəyə bir dəfə qələbə qazanıblar və bir oyunda qalib müəyyənləşməyib. Belə ki, 1992-ci ildə Tunisdə keçirilən yoldaşlıq oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. 2002-ci ildə Koreya Respublikası və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatının “H” qrupunda yer alan komandaların oyunu heç-heçə başa çatıb – 1:1. 2014-cü ildə doğma meydanda Tunis millisini yoldaşlıq oyununda qəbul edən Belçika komandası 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

Saat 19:00-da başlayacaq günün ikinci matçı “Rostov Arena”da keçiriləcək. “F” qrupunda ikinci tura Cənubi Koreya və Meksika yığmalarının görüşü ilə start veriləcək.

Günə saat 22:00-da Soçidəki “Fişt Arena”da start veriləcək Almaniya və İsveç millilərinin görüşü ilə yekun vurulacaq.

Belçika-Tunis oyunu İdman Azərbaycan kanalında yayımlanır. Cənubi Koreya-Meksika və Almaniya-İsveç matçları isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: