Düsen Kaseinov: Naxçıvan türk və İslam dünyasında xüsusi yeri olan qədim diyardır

197

Naxçıvan çox qədim tarixə və mədəniyyətə malikdir. Bu qədim Azərbaycan diyarında həm türk, həm də İslam mədəniyyətinin zənginliklərini özündə birləşdirən böyük potensial var.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a  müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

“Mən Naxçıvanda ilk dəfə 2009-cu ildə olmuşam və türkdilli ölkələrin dövlət başçılarının burada keçirilən sammitində iştirak etmişəm. O zaman Naxçıvanda türkdilli ölkələrlə bağlı çox mühüm qərarlar qəbul edilmişdi. Bu tədbir muxtar respublikanın Türk dünyasında çox böyük bir mövqeyə malik olduğunu bir daha təsdiqləyir”, – deyən Düsen Kaseinov vurğulayıb ki, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi isə onun İslam dünyasındakı əhəmiyyətli mövqeyini ifadə edir, bu qədim diyarın böyük potensialından xəbər verir. TÜRKSOY-un baş katibi əmin olduğunu bildirib ki, Naxçıvan bu adı böyük şərəflə daşıyacaq.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirinə dəvətə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığını bildirən Düsen Kaseinov deyib: “Mən diqqət etdim, ilk dəfə burada olduğum dövrdən keçən müddətdə Naxçıvanda böyük dəyişikliklər baş verib, mühüm infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda, tarixi abidələrə yetərincə diqqət ayrılıb. Şəhərdə tarixilik elementləri ən yüksək səviyyədə qorunub saxlanılıb. Buna görə də bura ayaq basanda, həqiqətən, əsl Şərq mədəniyyətinin incəliklərini özündə daşıyan bir şəhərə gəldiyini hiss edirsən. Möminə Xatın, Naxçıvanqala, Nuh Peyğəmbərin türbəsi və digər abidələr şəhərin əsl arxitektura simasını əks etdirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: