Xorvatiya millisi dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib

201

İyunun 21-də Xorvatiya millisi Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, “D” qrupunda mübarizə aparan Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan Xorvatiya millisi matçın 53-cü dəqiqəsində istəyinə nail olub. Argentinalı qapıçı Vilfredo Kaballeronun kobud səhvindən istifadə edən Ante Rebiç baxımlı qola imza atıb. Qarşılaşmanın 80-ci dəqiqəsində Xorvatiya millisinin kapitanı Luka Modriç ikinci topu Argentina millisinin qapısından keçirib. Gərgin anların yaşandığı matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda xorvatiyalı İvan Rakitiç hesab arasındakı fərqi artırıb və bu, oyunda sonuncu qol olub.

Beləliklə, Xorvatiya millisi Argentinanı 3:0 hesabı ilə məğlub edib və səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib.

İlk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu oyunadək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinin xeyrinədir. Belə ki, Argentina millisi 3 dəfə qələbə qazanıb, 1 matçda hesab açılmayıb. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0.

Qeyd edək ki, mundialın səkkizinci gününün ilk iki oyununda “C” qrupu çərçivəsində Danimarka-Avstraliya matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı halda, Fransa millisi Peruya 1:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: