“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

879

İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılış tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” foto-sərgisinə baxış olub. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Haçadağın fotoşəkilini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Sonra tədbir Qurani-Kərimin tilavəti ilə başlayıb.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək tədbir iştirakçılarını salamlayıb və deyib: İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi təşəbbüsünə və dəvəti qəbul edib açılış tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirib və qeyd edib ki, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir… Bu, tarix boyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.

Belə bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.”

Ali Məclisin Sədri deyib: Beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur. Naxçıvanda türk-islam mədəniyyəti on ikinci əsrdə – Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatmışdır. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.

Qeyd olunub ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. On beşinci əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir… Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. On səkkizinci əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda İslam dəyərləri yaşadılıb, tarixi-mədəni irs davam və inkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.

Ali Məclisin Sədri bir daha iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin  Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan edib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək deyib: Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O öz ölkəsinə və  eyni zamanda İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova da çox sağ ol demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu proqram üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Bu paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilir. Burada konkret xüsusi bir ölkə meyarları vardır. Seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda islam mədəniyyətinə və bəşəri dəyərlərinə, insani dəyərlərə töhfə verməlidir. Bu gün bəşəriyyətin fərdi çağırışlarla üzləşməsinin şahidi oluruq. Ona görə də bəzi mədəni və bəşəriyyətlə bağlı xüsusi proqramlar icra olunur. Bu proqram da tarixi yaddaşı bir növ din vasitəsilə insanlara qaytarmağa çalışır. Yəni keçmişi və hazırkı dövrü bir-birinə bağlamaq cəhdidir. Beləliklə, burada məqsəd cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradıcılıq, elm və digər sahələrə əlavə töhfə verməkdən ibarətdir. İSESKO ümumdünya sülh, harmoniya, intellektual yaradıcılıq, eyni zamanda elm və araşdırmalar vasitəsilə bu işə töhfə verir. Həyata keçirilən proqramlar fərqli və çeşidli olur. İl ərzində İSESKO tərəfindən qeyd olunan proqramlar çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, ekstremizmə və islamafobiyaya qarşı mübarizə aparılacaqdır.

Mən ilk dəfədir Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir. Azərbaycanın bu gözəl guşəsində olmağımızdan məmnunluq duyuruq. Buradan bütün dünyaya çatdırmaq istəyirik ki, İslamın terrorizmlə eyniləşdirilməsi qəbuledilməzdir. Fürsətdən istifadə edərək bildiririk ki, bilikli, bacarıqlı və konstruktiv yanaşma vasitəsilə insanlara İslamın gerçək üzünü və gözəlliyini göstərəcəyik.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib: Bu gün tarixi bir hadisənin – Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı elan edilməsinin işığına toplamışıq. Naxçıvan bu coğrafiyanın ən müqəddəs torpağıdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir.

“”Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh türbəsi”, “Qarabağlar”, “Yusif Küseyiroğlu”, “Möminə xatın” türbələri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirmişdir. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Fürsətdən istifadə edərək bu müdrik qərarı verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bu təşəbbüsə yüksək dəstəyini göstərən cənab Əbdüləziz Osman əl-Tuveycriyə bütün mədəniyyət ictimaiyyəti adından minnətdarlıq edirəm. Ölkə Prezidentinin qərarı ilə Təşkilat Komitəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə Təşkilat Komitəsi tərəfindən mühüm işlər görülmüşdür.

Naxçıvan həm tarixi-mədəni abidələri ilə, həm müasir inkişafı ilə, həm də müdrik və ziyalı insanları ilə tanınır. Lakin bu torpaq Azərbaycan xalqı üçün, böyük islam dünyası üçün təkcə abidələri ilə deyil, eyni zamanda xalqımızın ümummilli lideri Heydər Əliyevin vətəni kimi doğmadır və əzizdir.

Təbii ki, islam mədəniyyətindən və tarixindən danışarkən biz İslam Elm, Təhsil, Mədəniyyət Təşkilatının rolunu xüsusi qeyd etməliyik. Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş və bu münasibətlə cənab Prezidentin müdrik siyasəti, ölkəmizin 1-ci Vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il 24 noyabr tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. İSESKO-nun dəstəyi ilə ölkəmizdə son 10 ildə islam ölkələrinin mədəniyyət, təhsil, ailə və qadın məsələləri üzrə nazirlər konfransları, İSESKO-nun baş konfransı və icraiyyə şurası, həmçinin cənab Prezidentin təşəbbüsü olan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, İslam Həmrəylik Oyunları keçirilmişdir. Həmçinin son üç ildə ölkəmiz İSESKO-nun baş konfransına sədrlik edir. Bu amillər cənab Prezident tərəfindən 2016-cı ilə Azərbaycan Respublikasının İSESKO üzrə Milli Konfransının yaradılmasına dair xüsusi Sərəncam imzalanmasına, eyni zamanda islam dünyası ilə dərin və sıx əlaqələrin olması 2017-ci ilin isə İslam Həmrəylik ili elan edilməsinə töhfə vermişdir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olunmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Həm Naxçıvan, həm də Azərbaycanın digər bölgələrində müsəlman şiə və sünniləri arasında heç bir dini və mədəni ziddiyyət mövcud deyildir və bu birgəyaşama mədəniyyəti dünya üçün bir nümunədir. Naxçıvanda bu sahədə mövcud olan çoxəsrlik tolerant mühit onun islam mədəniyyəti paytaxtları arasında xüsusi yerini müəyyən edir. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edirik.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olub.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018””-in açılış tədbiri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in rəsmi internet səhifəsi olan imp.nakhchivan.az saytında, Naxçıvan Dövlət Televiziyasında və “Nuhçıxan” İnformasiya Agentliyinin nuhcixan.az saytında canlı yayımlanıb.

                         ***

Həmin gün “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: