İyunun 19-da “Rusiya 2018”in altıncı günündə “H” qrupunda yer alan Polşa millisi Seneqal yığması ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edib.
Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.
Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar. Seneqal millisinin məşqçisi Aliu Sissedir.
Oyununun favoriti sayılan Polşa millisi oyuna hücumlarla başlayıb. Buna baxmayaraq, hesabı Seneqal millisi açıb. Oyunun 37-ci dəqiqəsində avropalıların mərkəz müdafiəçisi Tiaqo Cionek topu öz qapısından keçirib – 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra Polşa futbolçuları irəli atılsalar da, növbəti qol məhz onların qapısına vurulub. Mbaye Nyanq müdafiəçilərin səhvini bağışlamayıb – 0:2. Oyunun sonuna dörd dəqiqə qalmış polşalılar hesab arasındakı fərqi azaldıb. Krixovyak adını tabloya yazdırıb – 1:2. Komandaların cəhdlərinə baxmayaraq, matçın qalan dəqiqələrində hesab dəyişməyib.
Beləliklə, Seneqal millisi Polşa yığmasını 2:1 hesabı ilə məğlub edib.