Yayda Naxçıvanda necə istirahət edə bilərik?

1. 542

İnsanların əksəriyyəti istirahətini yay aylarına saxlayır. Elə ki yay gəldi, məzuniyyətimizi götürüb üz tuturuq istirahətə. Gəzib – dolanmaqla il boyu olan yorğunluğumuzu canımızdan çıxarmağa çalışırıq. Lakin insanlar getdiyi, hətta necə deyərlər, pul xərclədiyi yeri də xüsusilə seçir. Belə deyək, düşünür ki, əgər pul xərcləyirəmsə burdakı xidmət, gördüyüm yerlər niyə də ürəyimcə olmasın? Qısaca, istirahətininin səmərəli keçməsi üçün seçim edir.

Elə buna görə də bəziləri hətta aylar əvvəldən getməyi düşündüyü yer haqqında məlumatlanır, buradakı qiymətləri araşdırıb müqayisə edir. Nəticədə həm qiymət, həm də keyfiyyət baxımından ağlabatan məkan haradırsa, ora yol alır.

Sevindirici haldır ki, Naxçıvan da son illər yerli və əcnəbi  turistlərin üz tutduğu məkanların siyahısındadır. Muxtar respublikamıza gələn turistlərin sayı ilbəil artmaqdadır. Bunu ilin istənilən fəslində şəhərdə rastlaşdığımız onlarla turistin timsalında da görmək olar. Tarixi abidələrlə zəngin olan diyarımızın şöhrəti dünyanın müxtəlif ölkələrindən buraya turistlərin axışıb gəlməsinə səbəb olur. Turistlərin əksəriyyəti isə qədim  tarixi olan bu torpaqda bu cür gözəl, səliqəli küçələrlə, otellərlə, istirahət parkları ilə qarşılaşacaqlarını düşünmədiklərini deyirlər. Görünür, tarixiliklə müasirliyin vəhdətini özündə təcəssüm etdirən şəhərimiz hər mənada qonaqların rəğbətini qazanmağı bacarıb ki, onların sayı il-ildən artır. Necə deyərlər, bir gələn bir də gəlmək istəyir. Eşidən isə “yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”,- deyib buraya üz tutur.

İstər turistlər, istərsə də yerli əhali ilin yay aylarında muxtar respublikada harda və necə istirahət edə bilər? İstərdik ki, bu haqda qısaca oxucularımızı məlumatlandıraq. İstəklər, zövqlər müxtəlif olduğundan biz də yazını həmin istiqamətlərə uyğun şəkildə qurduq.

Sərin dağ kəndləri

Elə ki, istilər düşdü, camaat təbiətin qoynunda, sərin bir yerdə istirahət etmək üçün səfalı yerlərə, dağ və dağətəyi zonalara üz tutur. Naxçıvan şəhərində və aran kəndlərdə yaşayan  əhali də nisbətən kənara, muxtar respublikanın dağlıq kəndlərinə yol alır. Statistikaya əsasən, belə yerlərdən ən çox gedilənlər sırasında Batabat liderliyini qoruyub saxlayır. Bundan əlavə “Payız meşəsi”, “Ağbulaq”, Ordubadın “Pəzməri şəlaləsi”, “Göygöl”ü, “Gilançay”ı da gedib görülməli yerlər sırasındadır. Adıçəkilən yerlər hər il istər yerli, istərsə də əcnəbi olmaqla, saysız qonaq qarşılayır. Gəlib görənlər isə razılıqla qayıdırlar.

Ağbulaq kəndində qonaqlar üçün istirahət mərkəzinin olması insanların həm dağ kəndini gəzməklərinə, həm də rahatlıqlarına şərait yaradır. Burada həmçinin evlərini kirayə verən kənd sakinləri də var. Belə ki, qonaq gəlib razılaşır, müəyyən məbləğin müqabilində bir- neçə gün həmin evdə qalır, səfalı kənddə istirahət edir. Təbii ki, bu məbləğ o qədər də yüksək olmur-günü 20-30 manat arası. Ağbulaqla yanaşı muxtar respublikanın başqa kəndlərində də evlər bu qayda ilə kirayə verilir. Beləcə, qonaq qalacaq yeri olmadığından şəhərə qayıtmaq məcburiyyətində qalmır, tələsmədən kəndi, onun təbiətini  gəzib-dolanır. Biçənək, Kükü, Keçili, Dırnıs, Şahbulaq, Gənzə, Ləkətağ, Boyəhməd kimi kəndlər ideal istirahət yerləridir.

Hər il yayda Bakıdan gələn qonaqlarımızın evə çatıb kef-əhval etdikdən  sonra ikinci sözü: “Pəzməriyə nə vaxt gedirik?” olur. Sabahısı günü otururuq maşınlara, manqalı, samovarı, ərzağı yığıb yol alırıq qonaqların getmək istədiyi yerə. Qayaların arasından axan gursulu şəlaləyə çatan kimi də fotoaparat, telefonla sağı-solu, oraların təbiətini lentə alırlar. Deyirlər ki, buranın gözəllikləri haqqında orda dost-tanışa o qədər danışmışıq ki, indi bizdən şəkil gözləyirlər.

Ümumiyyətlə, kənardan gələn qonaqları mümkün qədər gəzib-görülməli yerlərə aparıb, təbiətlə tanış etmək lap yerinə düşər. Turistin, qonağın belə yerlərdə çəkdiyi şəkli kiməsə göstərməsi, gördüklərini gəldiyi yerdən kiməsə danışmasının özü də bir təbliğatdır.

Tibbi turizm

Bir ölkənin turizm potensialının inkişafında onun sahib olduğu müalicəvi əhəmiyyətli yerlərinin olması mühüm rol oynayır. Hər daşı-qayası maraqlı olan Naxçıvanımıza tanrı bu baxımdan da bir miras  bağışlayıb. Burda yerləşən “Duzdağ” sözün əsl mənasında möcüzəvi bir yerdir. Duzdan ibarət olan divarlar, döşəmələr və sair. Ağciyər və bronxial xəstəlikləri olan insanlar burada öz sağlamlıqlarına qovuşurlar.

Xaricdən, eləcə də ölkənin digər bölgələrindən müalicə məqsədilə bura üz tutan qonaqların sayına gəldikdə isə, onların əvvəlcədən rezerv edərək yer ayırtması lazımdır. Əks halda, xüsusilə də yay aylarında qonağı çox olan bu məkanda müalicə almaq üçün günlərlə növbə gözləməli ola bilərlər.

Digər bir müalicəvi yer isə muxtar respublikanın Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə yerləşən Darıdağ Arsenli Su Müalicəxanasıdır. Yerin dərin qatlarından təbii şəkildə isti halda çıxan  5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Müalicəxananın xidmətlərindən təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən gələnlər də istifadə edirlər.

Otellər

Adətən kənardan gələn qonaqlar otellərə yerləşirlər. Seçimə gəldikdə isə “Təbriz”, “Grand”, “Duzdağ” otellərini turist  zövqə, büdcəyə görə seçir. Müxtəlif sayda ulduzları olan otellər ən müasir şəkildə qonaqları qarşılama imkanına malikdir. Qiymətlər də münasibdir: 60-200 manat arasında dəyişir.

Dini turizm

Dini turizm dedikdə bir naxçıvanlı kimi ağlımıza ilk olaraq Əshabi-Kəhf ziyarətgahı gəlir. Bəli, Əshabi-Kəhf muxtar respublikamıza gələn turistlərin görmədən getmədiyi yerlərdəndir. Bura haqqında olan dini rəvayətlər çoxlarının marağına səbəb olur. Qısaca, bu dini ziyarətgahın sözü-söhbəti ölkəmizin hüdudlarını aşıb.

Əslində heç kənara çıxmayaq. Muxtar respublika xaricində, ölkənin müxtəlif bölgələrindən də bura gələnlər az  deyil. “Bir niyyətim var, Allahın izniylə yerinə yetsin, bir qurbanlıq alıb aparacağam Əshabi-Kəhfdə kəsim, paylayım”. Bura ilə bir bağlılığı olan insanlardan yəqin ki, bu cümləni çox eşidərsiniz. Naxçıvanlıların isə demək olar ki, daimi ziyarət məbədgahıdır.

Bundan əlavə, muxtar respublikanın paytaxtı və eləcə də rayonlarında da pirlər, müxtəlif ziyarətgahlar  var. Bunların sırasında Naxçıvan şəhərində yerləşən İmamzadənin də adını çəkmək olar. Lakin ətraf rayonlarda olan dini ziyarətgahlara turistlər deyil, muxtar respublika əhalisi daha çox üz tutur. Məsələn, Ordubadda yerləşən Nüsnüs, Düylün piri, Nehrəmdə yerləşən İmamzadə, Culfa rayonundakı Ərməmməd piri yerli əhalinin daha çox üz tutduğu ziyarətgahlardır. Bu məkanlar həm də öz tarixi memarlıq üslubu və coğrafiyası ilə də diqqəti çəkir.

Kafe-restoran

Kafe – restoranlara gəldikdə isə şəhərimizin sakinlərinə və eyni zamanda da qonaqlarına xidmət edən kifayət qədər yaxşı məkanlar var. Yeməkləri dadlı, mənzərəsi gözoxşayan. Şəhər sakinləri belə obyektləri əsasən yeməklərinin dad və qiymət fərqinə görə seçirsə, turistlər görünüşə, mənzərəsinə görə edir seçimini. Məsələn, könlü balıq istəyən şəhərimizdə yerləşən “Nuh yurdu” restoranına üz tutur. Buranın maraqlı dizaynı da müştərilərin rəğbətini qazanıb. Necə deyərlər, tam lentə alınacaq kadrlar var. Bir yazıda oxumuşdum, deyir şəkildə əsas qəhrəman-şəkildə olan adamdan çox, arxa fondakı mənzərəyə diqqət yetirilir. Yeri düzgün seçibsənsə, deməli şəkli də yaxşıdır.

Şərur rayonunda yerləşən Arpaçay restoranı isə bir başqa aləmdir. Su anbarının üstündə qurulmuş körpünün üzərinə qoyulmuş sadə masalar. Burda suyun səsi ətrafdakı səsləri eşitməyə mane olur. Digər istiqamətdən isə Arpaçayın sanki sonsuzluğa uzanan mənzərəsi canlanır. Bura da balıq yemək üçün yaxşı ünvandır.

Hə, yayın dadlı simvolunu unutmaq olmaz. Şəhərimizdə dondurma yeri çox olsa da “Kərimin dondurması” demək olar ki, bir brenddir. Ordubadda yerləşən “Dübəndi” çay evinin də dondurmasından dadmaq üçün şəhərimizdən, eləcə də ətraf rayonlardan buraya gələnlərin də sayı az olmur.

Uzunoba isə çimərliklərdən zövq alanlar üçün nəzərdə tutulub. Burda uşaq və böyüklər üçün çimərliklər, kafe və restoranlar fəaliyyət göstərir.

Naxçıvan məhsulları, Naxçıvan mətbəxi

Hər bölgənin özünəməxsus mətbəx nümunələri var. Naxçıvan mətbəxinə məxsus yeməklər dadı ilə yanaşı, həmçinin faydalı olması ilə də fərqlənir. Məsələn, bir çox ölkələrdə “fast food” deyilən  qızartma yeməklərə daha çox yer verilirsə, bizdə sulu yeməklər, ya da faydalı qızartmalar sevilir. Faydalı qızartma nədir? – deyə düşünürsünüzsə, onda Naxçıvan mətbəxi bu işdə də köməyə gələr. Əgər qızardılan yeməyin  tərkibində təbii göyərtilər, dağ pencərləri və  kənd yumurtası varsa, onun faydası haqda əlavə məlumata ehtiyac yoxdur. Bəli, elə ki, göyərti, pencər mövsümü  gəldi, belə yeməklər menyumuzdan əksik olmur. Onlar həm faydalı, həm də tez hazırlanırlar. Belə yeməklər isti aylarda şəhərimizə gələn qonaqların da sevimli təamlarına çevrilib. Turizm şirkətinin əməkdaşlarının dediyinə görə, turistlər belə yeməklərin yanında təbii qatığın, xamanın  da verilməsinin yaxşı düşünülmüş olduğunu hesab edirlər. Bundan əlavə dünyanın heç yerində rast gəlinməyən Arzuman küftəsi, soğan dolması, daş küftəsi kimi milli mətbəx nümunələrimiz də turistlər tərəfindən xüsusilə sevilir.

Ümumiyyətlə, Naxçıvan təbii süd və qatığı, süddən qədim üsulla alınan digər məhsulları,  tərəvəzi, bal kimi şirin əriyi, göycəsi,  təbiətin bəxş etdiyi digər dadlı meyvələri ilə də qonaqların rəğbətini qazanmağı bacarıb. Muxtar respublikada ekoloji cəhətdən təmiz, heç bir kimyəvi gübrə verilmədən yetişdirilən meyvələr, tərəvəzlər öz dadına və orqanikliyinə görə analoqu olmayan qidalar siyahısındadır. Siz Naxçıvana gəlməklə burdakı meyvələrdən, tərəvəzlərdən yeməklə uzun müddət unudulmayacaq bir ağız dadı hiss edəcəksiniz.  Burda dağlardan yığılan şəfalı bitkilərdən hazırlanan çaylar təkcə susuzluğu yatırmır, həm də sizin sağlamlığınız üçün ən təbii, heç bir təhlükəsi olmayan şəfa mənbəyidir.

Tarixi abidələr və muzeylər

2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvan bütün dünyada öz tarixi, mədəniyyət inciləri ilə tanınır. Elə Naxçıvanımıza bunun sorağına da gələnlər az deyil. Möminə Xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Batabat, Babək qalası və yüzlərlə başqa tarix və mədəniyyət abidələri keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Şəhərimizə gələn qonaqlar Möminə Xatın və Açıq Səma Altında Muzey və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleklərini mütləq ziyarət edirlər. Türistlər əlamətdar günlərə təsadüf edən gəlişləri zamanı isə şəhərimizin festival libasına bürünən ab-havasına halına şahidlik edirlər. Üstəlik, Naxçıvanda 30-a qədər muzey fəaliyyət göstərir ki bu muzeylər hər gün turist və qonaqların xidmətində dayanır.

Unutmayaq ki, zəngin tariximizi, mədəniyyətimizi özündə əks etdirən muzeyləri, tarixi abidələri ziyarət etmək hamımızçün vacibdir. Yəqin ki, belə yerləri ziyarət etməyən insanlar hələ də var. Bu ilki istirahətinizdən bu ziyarətlərə bir az zaman ayıra bilərsiniz.

Turizm agentlikləri

Əgər kimsə Naxçıvana ilk dəfə gəlirsə, burda sizi mütləq qonaqpərvərliklə qarşılayacaq kəslər var. Bunlar Naxçıvanda fəaliyyət göstərən turizm agentlikləridir. Onlar sizin üçün ən yaxşı turizm marşrutlarını, gəzməli-görməli yerləri bir andaca təşkil etməyə , rahatlığınız üçün hər cür xidmət göstərməyə hazırdırlar.

“Gəmiqaya turizm”, “Natig travel”, “Qafqaz turizm”, “Şəms turizm” kimi turizm agentlikləri şəhərimizin qonaqlarının səmərəli Naxçıvan istirahətini təmin etmək üçün ən yaxşı bələdçilərdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytında həmin şirkətlərlə əlaqə üçün email adresləri və telefon nömrələri yerləşdirilib. Həmçinin facebook, instagram sosial şəbəkələrində də onların xüsusi səhifələri yaradılıb. Müraciət edərək tanımıram, bilmirəm düşüncəsindən uzaq, könül rahatlığı ilə Naxçıvan səyahətinə hazırlaşa bilərsiniz.

Naxçıvanımızın  istər qədim tarixi abidələri, istərsə də müasir görünüşü turistlərin diqqətini cəlb edir. Heç şübhəsiz ki, bu da muxtar respublikanın turizm potensialının inkişafına öz təsirini göstərir.

Məqalədə yayda üz tuta biləcəyiniz yerlər barədə sizləri qısaca məlumatlandırdıq. Məlumatlandırmaq bizdən, seçim isə sizdən. Xoş istirahətlər…

 

                                                       Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: