Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək

737

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşüb.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Ə. Qarayev son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, təşkilatda Azərbaycan öz mövqeyi ilə seçilən üzvlər sırasındadır: “Buna səbəb isə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin müsəlman aləminə, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal şəkildə həyata keçirilməsidir. İSESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri bu işin davam etdirilməsinə və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəmirlər”.

Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı görülən işlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər planı təsdiqlənib və icrasına başlanılıb. Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir Naxçıvanın hədsiz gözəl şəhər, tarixi memarlıq abidələri ilə zəngin məkan olduğunu qonağın diqqətinə çatdırıb.

O da vurğulanıb ki, cari il iyunun 20-də Naxçıvan şəhərində “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə çoxsaylı mötəbər qonaqların, dövlət rəsmilərinin, o cümlədən TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcək.

Əbülfəs Qarayev İSESCO-nun bir tərəfdaş qurum kimi bu əlamətdar hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, İSESCO-Azərbaycan əməkdaşlığı, Azərbaycan prezidenti İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusi vurğulayıb.

Görüş qarşılıqlı əməkdaşlıq məsələlərin müzakirəsi ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: