“Rusiya 2018”: Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

245

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının beşinci günündə – iyunun 18-də üç oyun keçiriləcək.

NUHÇIXAN xəbər verir, günün ilk qarşılaşması “F” qrupunda yer alan İsveç və Koreya Respublikasının yığmaları arasında olacaq. Digər görüşlərdə isə “G” qrupunda yer alan Belçika – Panama və Tunis- İngiltərə milliləri üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq günün ilk oyunu “Nijniy Novqorod” stadionunda reallaşacaq.

Bu komandalar dünya çempionatlarında heç vaxt qarşılaşmayıblar. İsveç millisi dünya çempionatında indiyədək 11 dəfə iştirak edib. Komandanın çempionatda ən yaxşı göstəricisi 1958-ci ildə İsveçdə keçirilən mundialda final mərhələsinə vəsiqə qazanması olub. Final matçında Braziliya millisinə 5:2 hesabı ilə məğlub olub. İsveçlilərin mundiallarda debütü 1934-cı ilə təsadüf edir. Həmçinin İsveç millisi dünya çempionatlarında iki dəfə bürünc medala sahib olub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviçdi (116 oyunda 62 qol). İsveç yığmasında ən çox oyun keçirən oyunçu isə Anders Svenssondı (148 oyun).

Cənubi Koreya yığması bundan əvvəl doqquz dəfə mundialda çıxış etmək hüququ qazanıb. Cənubi koreyalıların ən yaxşı göstəricisi 2002-cı ildə keçirilən dünya çempionatına təsadüf edir. Həmin vaxt qrup birincisi kimi yarımfinala yüksəlsələr də Almaniya millisinə 1:0 hesabı ilə məğlub olublar. Üçüncü yer uğrunda mübarizədə isə Türkiyə millisinə 3:2 hesabı ilə məğlub olaraq çempionatı dördüncü yerdə başa vurublar.

Günün ikinci oyunu saat 19:00-da Soçidəki “Fişt” stadionunda başlayacaq. Mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması dünya çempionatının autsayderı sayılan Panama millisi ilə qarşılaşacaq. Belçika millisi doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-ci ildə bürünc mükafat qazanması olub.

Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparır.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Volqoqrad şəhərindəki “Volqoqrad Arena”da oynanılacaq. Tunis-İngiltərə millisi ilə üz-üzə gələcək. Bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada təşkil olunan mundialda qrup mərhələsində ingilislər 2:0 hesabı ilə üstün olublar. İngiltərə millisi 1966-ci ildə dünya çempionu olub. Ümumilikdə ingilislər 14 dəfə mundialda iştirak ediblər. İngiltərə yığma komandasının ən böyük qələbəsi İrlandiya millisi üzərində olub (13:0). Komandanın ən çox qol vuran oyunçusu Uyen Runidi.

Tunis yığması indiyədək dörd dəfə mundialda yer alıb. Tunis millisi mundialda qələbə qazanan ilk Afrika yığması kimi tarixə düşüb.

Qeyd edək ki, İsveç – Şimali Koreya oyunu (saat 16:00) İdman Azərbaycan və İctimai Televiziyada birbaşa yayımlanacaq. Belçika-Panama (19:00) qarşılaşması İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Azərbaycanlı futbolsevərlər Tunis-İngiltərə oyununu (22:00) İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: