Azadlığın mübarək, doğma Günnütüm!

396

Torpaq altının, üstünün zəngin sərvətlərinə görə əzizlənər. Yurd qədimliyi, üstündə pərvəriş edən xalqının ululuğu ilə müqəddəsləşər. Vətən bəşər tarixinə bəxş etdiyi nadir dühalara, böyük şəxsiyyətlərə görə səcdə edilən torpaqdır. Yurd isə müqəddəsləşən məkandır. Dünyada çoxlu gözəl torpaqlar, ölkələr var, ancaq heç biri insana doğulduğu, böyüyüb boya-başa çatdığı el-obanı əvəz edə bilmir, onun  yerini vermir. 26 illik həsrətinə son qoyduğumuz Şərur rayonunun Günnüt kəndi kimi.

Yovşan ətirli, lalə yamaclı, igidlərinin qanı ilə suvarılan Günnüt kəndi buludların arxasından boylanan günəşin zərrin şüaları ilə may ayının bir səhərində yuxudan oyandı. Ot-alaq basmış yollarda, isti ailə nəfəsinə həsrət qalmış viran evlərdə sanki bir canlanma var idi. Uzun illər idi ki, hər yaz səhəri yad dildə danışan yağı düşmənin murdar nəfəsindən diksinib ayılırdı. Bu dəfə isə ona doğma olan insanların səsi onu oyatmışdı. Çoxdan gözlədiyi gün gəlmişdi- Azərbaycanın rəşadətli oğullarının fədakarlığı və qəhrəmanlığı sayəsində artıq  azad idi. İndiyədək torpağını murdarlayan çirkli düşmən çəkmələrindən əsər-əlamət yox idi. Rahat nəfəs alırdı Günnüt kəndi.

26 il idi ki, böyük strateji əhəmiyyətə malik yüksəkliklər, “Qızılqaya” və “Qaraqaya” dağları murdar düşmənin nəzarətində idi.  “Bayatı-Şiraz” muğamının bu dağlara əks-səda salan səsi kəsilmişdi. İndi isə burda sanki ikinci günəş doğmuşdu- əzəmətlə üç rəngli Azərbaycan bayrağı dalğalanırdı.  Hayqırtısı qartallara qədər çatan ərən oğulların hənirtisinə möhtac qalmış torpağımızın əsl sahibi kimi rəşadətli ordumuz torpağı qorumaq, ona sahib çıxmaq üçün geri qayıtmışdı.

Günnütün işğaldan azad olunması ölkədə insanlarda yeni bir ruh, inam yaratdı. Lələtəpədən sonra çoxdan həsrətində olduğumuz qələbə zəfərinin tamını yenidən bizə dadızdırdı. Oranın daşına, kəsəyinə bələd olan yaşlı insanların xatirələrini dilə gətirdi. Yaşlı həmkarlarımdan biri: “Bir zamanlar yamaclarında qoyun-quzu mələşən Günnüt pendiri, qatığı, dəmyədə əkilən noxudu, mərciməyi, buğdası ilə dillər əzbəri olub. Dadı damaqlardan əksik olmayan bu məhsullar onu daha da şöhrətləndirib. Amma “sən saydığını say, gör fələk nə sayır” deyiblər. Bu kəndə sahib olmağa  çalışan mənfur ermənilər onu  topa-tüfəngə tutdular. Suyunun dadı, tamı, sərinliyi ilə öyünən Günnütün bulaqlarının ağlamaqdan gözləri tutuldu” dedi. Sonra həmsöhbətim əlinin arxası ilə gözlərində illərdən bəri donub qalmış bu gün isə sevincdən axan iki damla göz yaşını silərək gülümsədi. Bu təbəssümü ona yaşadan mübariz ordumuzun əsgərləri oldu.   Günnüt həsrətinə, dədə-baba yurdumuza uzaqdan tamaşaçı qalmaq nisgilinə son qoyuldu. Vətən həsrətli bir türk  oğlunun könül dünyasından qanadlanan həsrətli misralarında nigarançılığa son qoydu.

 Bu vətən kimindir sorsanız məndən

 Deyərdim qədrini bilənlərindir.

 Sevib hər qayasını, gülünü, çiçəyini

 Vətən ona səcdə edənlərindir.

Yadıma bir əhvalat düşdü: “Əmir Teymur öz ordusunu düşmən üzərinə apararkən ölkəsinin sərhədlərinin bir yerində qoşunu saxlayır. Hər bir əsgərə bir daş götürüb onun göstərdiyi yerə qoymağı əmr edir. Beləliklə, həmin daşlardan böyük bir təpə əmələ gəlir. Qoşun geri dönərkən yenə orda dayanır.  Əmir Teymur  əmr edir ki, hərə öz daşını götürsün. Bu zaman yerdə ancaq şəhid əsgərlərin daşı qalır. Böyük Fateh şəhid daşlarını qucaqlayaraq hönkür-hönkür ağlayır və  deyir: “Bura yurdun ən müqəddəs yeri- şəhidlərimizdən qalan Vətən daşları onların guşəsidir. Buradan içəri düşmən keçməsin”. Bu gün şəhidlərinin qisasını yerdə qoymayan şanlı ordumuz torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirir, xalqımızın xeyr-duasını alırlar.  Zəka sahiblərinində dediyi kimi:  “Bir tarix nə qədər yüksək və şərəfli olursa-olsun, dəyəri olmayan varislər üçün mənasız bir şeydir”. Torpaq o zaman qiymətlidir ki ,onun üçün canından keçirsən.

Canında Koroğlu nərəsi, qanında Qorqud mərdliyi olan əsgərlərimiz nəinki Günnütü, hətta Qarabağı belə Ali Baş Komandanın əmri ilə düşməndən azad etməyə hazırdır. Xalq-bəşəriyyətin təsdiqidir . Milli birliyimiz bəşəri gərəkliyimizdir. Bu bizə bir həqiqəti deyir: Xalq birliyi ömürlərdə ağac kimi bitməlidir. Milli duyğu xalqı formalaşdırır, kökü üstündə saxlayır. Kökünə bağlı olan vətən oğulları isə canından keçər, torpağından keçməz. Torpaq əbədi and yerimizdir.

Adilə Səfərova

Naxçıvan televiziyasının baş redaktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: