Zəhər dişi çəkilmiş ilanlar… Lalə Hüseynovanın Günnüt qeydlərində
Bizim nəslin gəncliyi Vətənimiz Azərbaycanın başı üzərini dumanların aldığı 90-cı illərə təsadüf edir. Həmin vaxt Naxçıvan taleyin ümidinə buraxılmış miskin obanı xatırladırdı. Gecələri zülmət, gündüzləri isə ümidsizlik… Blokadanın ağırlığı, üstəlik mənfur ermənilərlə sərhəddə gedən döyüşlərin nigarançılığı da bir tərəfdən…
Yaxşı xatırlayıram ki, o döyüşlərə gedən oğullarımızın əllərindəki silahlar əsasən kiçik çaplı avtomatlar, bir də ov tüfəngləri idi. Amma ürəklərinin atəşi ən dağıdıcı silahlardan belə uzağa gedəcək qədər güclü idi. Naxçıvanı işğal olunmaq təhlükəsindən qoruyan əsas amil də məhz elə vətən uğrunda göz qırpmadan ölümə gedənlərin fədakarlığı idi. Sədərəkdə və başqa döyüş bölgələrində qurban verdiyimiz şəhidlərlə yanaşı, Kərki, Günnüt kimi kəndlərimiz də düşmən nəzarətinə keçdi. Ötən illərin hər günü, hər anını o yurd yerlərinin həsrəti ilə yaşadıq.
Ötən 25 ildə Naxçıvan yaşadı, var oldu, çiçəklənən, inkişaf edən bir diyar kimi özünü təsdiq etməyi bacardı. Qaranlıqdan işığa çıxmağın, tənəzzüldən yüksəlişə qalxmağın nümunəsini yaratdı. Buna paralel olaraq ordumuz da qüdrətləndi, 90-cı illərdən ürəyimizdə qalan torpaq nisgili yavaş-yavaş öz yerini sevinclərə verməyə başladı. Lələtəpədən, Cocuq Mərcanlıdan sonra, bu dəfə Günnütlə qürurlandıq.
Səmimi deyim ki, 90-cı illərin gəncləri üçün Günnüt qələbəsinin bir başqa anlamı var. Çünki onların ürəyindəki torpaq həsrəti düz 26 ilin ayrılığı idi. O torpaqlara ayaq basmaq arzusu onların hamısının ən ali istəyi idi. Sevinirəm ki, bu həyati istəyi reallaşanlardan biri də mən oldum. İşğaldan azad olunmuş Günnüt və ətraf ərazilərə ayaq basmaq şərəfini yaşadım. Bu şərəfi isə bizə Azərbaycan ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu yaşatdı. Bir də sadəcə bu yurdun iqbalı üçün çalışan rəhbər dəyanəti.
…Biz Günnütə iyunun 8-i səhər erkəndən yol alacaqdıq. Naxçıvan televiziyası 26 il sonra Şərurun Günnüt kəndindən ilk reportajını yayımlayacaq və bu qələbə xəbərini hamıdan birinci bütün dünyaya çatdıracaqdı. O gecə yaşadığım sevinci sözlə ifadə etmək çətindir. Həmin axşam yuxuda zəhər dişi çəkilmiş və qarnı yarılmış gürzə ilanlar gördüm. Dedilər ki, düşməndi, bu da təbiidi. Çünki düşmənlə üz-üzə yerləşən mövqelərimizə gedirdik. Və o düşmən indi məhz yuxuda gördüyüm zəhər dişi çəkilmiş ilanları xatırladırdı.
Qeyd edim ki, məsləyim gərəyi Naxçıvanı demək olar ki, qarış-qarış gəzmişəm. Günnütə uzanan yol xaric. Burada dağların, dərələrin rəngi, bir-biri ilə kəsişməsi tamamilə fərqlidir. Buradakı təbiət başqa yerdə təkrarlanmır.
Bu yolda dağlar bir-birinə arxa söykəyib, sanki düşmənə sipər olmaq istəyiblər. Bir qədər yuxarı qalxdıqda isə dağların başında göz işlədikcə uzanan yaşıl düzənlikləri görürsən. Məlumat aldıq ki, əvvəlki mövqelərimiz bu yerlərdən çox-çox geridə olub. İndi isə demək olar ki, Ermənistanla Sovetlər Birliyi dönəmində olan sərhəddə qədər ərazilərimizin çoxu ordumuzun nəzarəti altındadır. Əldə edilən qələbənin miqyasını görmək üçün sadəcə bu yerdə olmaq kifayət idi. Düşünəndə ki, bu geniş otlaqlar, əkinəyararlı torpaqlar, Naxçıvanın dilbər guşələri 26 il tapdaq altında olub məsələnin mahiyyətini dərindən dərk edirsən. İndi vətəndən çox-çox uzaqda oturub onun sevincinə şərik çıxmaq bir tərəfə, qələbəsinə şübhə edən insanların fərziyyələri, bu mühüm hərbi uğurumuzu şübhə altına alacaq açıqlamaları məhz o torpaqlarda olduğum üçün mənə çox gülünc görünür.
Tarixçi və etnoqrafların fikrincə, Günnüt toponimi son bahar yaşıllığı, payız otlağı anlamına gəlir. Amma mən Günnütdə son bahar yaşıllığı deyil, heç vaxt solmayacaq bahar rəngləri gördüm. Bu rənglər Günnütə Azərbaycan əsgəri ilə birgə qədəm qoyub və beləcə bu yurdun bitməyən baharı başlayıb.
Mən əsgərlərimizin yanında çox olmuşdum. Amma düşmənin bir addımlığında yerləşən döyüş mövqelərində, döyüş səngərlərində ilk dəfə idi ki, olurdum. Ön mövqelərdə yeni qazılan səngərlərdə, düşməndən azad edilən postlarda dayanan igidlərin hər biri sözün həqiqi mənasında vətən sevgisinin timsalı idi. O üzlərdə sadəcə səbr, dəyanət, təmkin, özünəəminlik, düşmənə meydan oxumaq cəsarəti oxunurdu. Onlar düşmən demədən, yağış demədən, isti demədən, tufan demədən, boran demədən irəliləmişdilər. İndi onlar ən hündür mövqeni- “Qızılqaya” yüksəkliyini düşməndən azad edib onun zirvəsindən Dərələyəz mahalının Arpa kəndinə, İrəvan-Xankəndi yoluna nəzarət edirlər. İllər, zaman ötəcək bu əsgərlər bu yerlərin tarixinə çevriləcəklər. Günnütün qurtarıcıları, xilaskarları kimi həmişə şövqlə xatırlanacaqlar. Elə Günnüt əməliyyatında şəhid olan Adil Tatarov kimi. Onun şəhid olduğu mövqedə post quran əsgərlərimiz qəhrəmanımızın adını da əbədiləşdirməyi unutmayıblar. Hərbi mövqelərimizin sırasına son günlər biri də əlavə edilib – “Tatar postu”…
Həqiqətən də bu yerdə ölüm qorxusu da anlamını itirir. Bir addımlığında dayansa da, meydan oxuyursan ona. Düşmənlə üz-üzə dayanan çəkiliş qrupumuzu da tərk etmişdi bu hiss. Buna səbəb yanımızda sıralanan Azərbaycan əsgəri, əsgərlərimizin simasında kök salan qətiyyət idi.
Günnüt xarabalıqlarına baxanda 26 il öncəyə qayıtdım.
1992-ci ildə məcburən Günnütü tərk edib Mahmudkəndə sığınan Vəli müəllim deyir ki, bu torpaq bərəkətin özü idi. Kolxoz vaxtı əmək gününə 16 kiloqram taxıl bölürdük. 32 evlik kənddə 250 arı ailəsi var idi. Burada əkilən noxudun, mərciməyin məhsuldarlığı çox yüksək idi. Demyə əkinçiliyi, maldarlıq üçün şərait əla idi.
Bu, Vəli müəllimin yaddaşında ilişib qalan Günnütün keçmişidi. Mən isə bu yurdun gələcəyini təsəvvür etmək üçün çətinlik çəkmirəm. Çünki düşmən əlindəki 11 min hektar vətən torpağını qaytaran, 26 ildir ki, cığırları itən Günnütə yol çəkən qüdrət bu yurd yerini yenidən güllü-gülüstana çevirməkdə də çətinlik çəkməyəcək. Beləcə, regionun ən güclü ordusunun buraya gətirdiyi yeni nəfəs Günnütün əsrarəngiz yaz rənglərində əbədi yaşayacaq. Bir də, təsəvvürlərimdə asfalt döşənmiş dağ yolları və ətrafında sıralanan yaşıllıqlar, uşaqların yıxıla- dura Günnüt məktəbinə doğru irəliləməsi canlandı…
O günə çox qalmayıb…
Lalə Hüseynova
Naxçıvan televiziyasının baş redaktoru