Dayanın, çalmayın sonuncu zəngi! - GÜNÜN ŞEİRİ

1. 535

Bu gün Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində “Son zəng”dir. 2803 nəfər məzun orta məktəbləri bitirir. NUHÇIXAN onların hər birinə uğurlar arzulayır. Məzunlar üçün şair Mir Sabirin “Son zəng” şeirini təqdim edir.

 

Dayanın, çalmayın sonuncu zəngi!

Yoxsa ürəyimə toxunacaqdır.

Bir  zaman “gəl” deyən  o  doğma  səsdə

Bir hicran nəğməsi oxunacaqdır.

 

Zəngçalan, nə olar, əlini saxla,

Bu şagird ömrünü uzat bir an da.

Bu məktəb, bu bina, bax… bu divarlar

Mənim olmayacaq zəng  vurulanda.

 

Hələ bir-birindən ayrı düşəcək

Neçə könül dostum, neçə sirdaşım .

O sarı köynəkli gülərüz qız da

Daha olmayacaq sinif yoldaşım.

 

Qoy bircə dəfə də “mənimdir”, – deyə

Sinif  otağını süzüm doyunca.

Tələsmə, zəngçalan…  bununçün sənə

Minnətdar olaram ömrüm boyunca.

 

Çağırsın  lövhəyə  məni  müəllim ,

Bir  misal  versin  ki,  asan  olmasın.

Üç  saat  çalışıb,  həll  edim  onu,

Təki,  gün uzansın,  zəng  vurulmasın!..

 

Ürəyim titrəyir yad elədikcə

Məktəbə gəldiyim o ilk çağımı.

De burda nə cürə qoyub gedim, mən

Kürəyi çantalı uşaqlığımı?

 

Durub cərgə-cərgə müəllimlərim,

Baxırlar  üzümə  sözü  var  kimi.

Bu  doğma,  mehriban  şən  baxışlara

“Əlvida!..”  deməyə  dilim  gələrmi?!

 

Dayanın, çalmayın sonuncu zəngi,

Yoxsa  ürəyimə  toxunacaqdır.

Bir zaman “gəl” deyən o doğma səsdə

Bir hicran nəğməsi  oxunacaqdır…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: