ABŞ rəsmisi: TANAP Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir

223

Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ankarada ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk deyib.

TANAP layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”.

Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq mümkündür.

Enerji mənbələrinin kommersiya üstünlüyü təmin etmək baxımından yeni əməkdaşlıqlar yarada biləcəyini qeyd edən ABŞ rəsmisi deyib: “TANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır. Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir”.

Xatırladaq ki, bu gün TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsi istismara veriləcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: