Xalqımızın həyat və məişətində çörəyə, taxıla hörmət, qayğı və məhəbbət halallığı çağırış, üstünlük təşkil edir. Ulularımız çörəyi hər nemətdən üstün tutub. Çörək əldən düşərsə, qaldırıb uca bir yerə qoyarlar ki, xeyir bərəkət qaçmasın. Xalqımızın ən qədim adət-ənənələri də çörəklə bağlıdır. Azərbaycanda çörək and yeri, etibarlılıq, güvənlik qaynağı sayılıb. Qonaq duz-çörəklə qarşılanıb. Elə buna görə də ən həlledici anlarda, səadət arzulayanda, etibar andı içəndə, “and olsun kəsdiyimiz çörəyə”, “ağ günlü ağ urvalı olasan” deyirlər. Yaşam uğrunda mübarizə “Bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxıb. Çörək bol olanda torpaq şərəfli, Vətən şöhrətli olar, – deyiblər. Qonaqpərvərliyi ilə seçilən diyarımızda hansı qapını döysək süfrəsindəki çörəyi Allah qonağından əsirgəməz.
Ulu Naxçıvanın bərəkətli torpaqlarında yetişən sarı kəhrəbanın unundan hazırlanan təndir çörəyinin necə hazırlandığını öyrənmək üçün yollanırıq Sədərək rayonunun Sədərək kəndinə. Bəyim nənənin qonağıyıq.
Evin həyət qapısına çatan kimi nənənin səsini eşidirik. Gəlin, ay bala, lap qismət üstünə gəlmisiz. Həyətdəki təndirəsərdən tüstü gəlir, nənə qonşu qadınları da ətrafına toplayıb lavaş bişirməyə hazırlaşır. Təndir başında olan qadınlarla söhbətimiz başlayır. Yaşı yetmişi ötən Bilqeyis nənə keçmiş günləri yada salır: Təndir qoymaq, düzəltmək üçün palçıq hazırlanacaq torpaq təmiz hesab edilən yerdən götürülməli, təndir qoyan insan mütləq paklanmalıdı. Təndir hazırlanıb başa çatdıqdan sonra bərəkətli və arxalı, yəni istiliyi çox saxlasın deyə onun badına ilk çörək yapılmadan öncə əvvəlcədən hazırlanmış heyvan ciyəri yapıb, bişirərdik.
Söhbətin şirin yerində dünyanın hər üzünü görmüş Fatma nənənin yadına övladlarına toy eləyəndə toy çörəyi yapmağı düşdü və kövrək bir şəkildə dilləndi.
– Ay qızım, çox gözəl adətlərimiz var. Oğul, qız toyu edən ailələr toydan qabaq “toy çörəyi” bişirmək üçün hazırlıq görər. Toy çörəyi yapılarkən qonşuları və qohumları “Əppək üstə”, “Təndir başına” dəvət edərdik. Gələnlər pul, hədiyyələr gətirərdilər. Kömək üçün gələnlər də qonum-qonşuda, qonaqlarda təndir başında bir loxma toy çörəyi yeyərdi. Sonra toy üçün yapılan çörək dəstələnər və sərin bir yerə yığılardı ki, toya hazır olsun. Ev sahibi “Əppək üstə” gətirilmiş pul və hədiyyələrin müəyyən hissəsini çörəkyapanlara verərdi. Toy çörəyi ən az iki tay, yəni yüz kiloqram undan yoğrulub yapılardı. Toydan bir gün qabaq köməyə gələnlərin içərisindən ən təcrübəliləri seçilər və lavaşı sulamaq onlara tapşırılardı. Çünki lavaşı isladanda diqqətli olmaq, suyu lazım olan qədər vurmaq lazımdır. Çörəyin toyda lazım olan qədəri istifadə edilər qalanı isə xüsusi hazırlanmış çörək yeşiklərində quru şəkildə saxlanardı.
Bəyim nənə yenidən söhbətə qarışır.
– Lavaşdan başqa “Qalın”, “Çıppa”, “Dəstana” da bişirirəm. Mən hər təndir salanda qonum-qonşu da evdə istədikləri xəmiri yoğurub gətirirlər, lavaşı bişirib qurtarandan sonra kimisi dəstəna, qalın, kimisi salmanca, çiriş, maş, kətəsi bişirir. Bu gün mən də südlü qalın yoğurmuşam. Xəmrinə süd, su, yağ, yumurta, maya, duz vurub, yoğurduqdan sonra acımağa qoyuruq. Acıdıqdan sonra kündələnir, 20 dəqiqə saxladıqdan sonra yayılıb naxışlanır. Kənarı yumru, ortası barmaqla basıldığından batıq olur. Üzərinə yumurta sarısı çəkilib əllə təndirə yapılır.
Dəstəna xəmiri yoğurub təndirə yapmağa gətirən Xədicə xanım da söhbətə qoşulur xəmiri hazırlanarkən içərisinə süd, yumurta və kərə yağı vurulur. Hazırlanan acımış xəmir kündələnir, dəyirmi qalın yayılır, üstü naxışlanır, ortası barmaqla basılır, üzünə yumurta sarısı və ya sarıçiçək qatılmış qatıq zəkilir, təndirdə bişirilir.
Artıq axşam düşmək üzrədir, xanımlar ev yiyəsi Bəyim nənəyə kömək etdikdən sonra özləri ilə evlərindən yoğurub gətirdikləri dəstənanı, qalını, cürbəcür dağ otlarından hazırladıqları pencər kətələrini təndirdə bişirib yekunlaşdılar. Bişən hər növ çörəyin ətri bir-birindən daha gözəl idi. Hələ isti dəstana, lavaş, pendir, dağ kəndinin həyətində bitən pencərlərlə tutulan dürməklərin isti maş, salmanca kətəsinin ev kərəsi ilə dadına söz ola bilməzdi.
Ev sahibinin təndirəsəri toplayıb oradakı çörək yapmaq üçün lazım olan əşyaları oxlov, rəfətə, əppək daşı, şişi yığıb-yığışdırıb səliqə ilə bükür ki, gələn səfərki təndir salanda hazır olsun.
Ramiyyə Əkbərova
“Oğuz yurdu” qəzeti