Naxçıvanda müəllimlər imtahan verir

515

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına iyun ayının 11-dən start verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, test imtahanlarında iştirak etmək üçün 414 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilir.

Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır. Qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

Qiymətləndirilməsi aparılan müəllimlərin test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.

Test imtahanları 21 iyun 2018-ci il tarixədək davam edəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: