İnkişafın və qələbənin Naxçıvan modeli

403

Bu günlər hər birimiz böyük və çox xoş olan təəssüratlar içindəyik. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun 1992-ci ildə mənfur erməni qəsbkarları tərəfindən nəzarətə götürülən Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi xəbəri hər bir Naxçıvan sakininin, Azərbaycan vətəndaşının, Azərbaycan sevərin sonsuz iftixarına, qüruruna çevrildi. Nəzərə alsaq ki, ümumilikdə, 11 min hektara yaxın ərazi  ordumuzun əsgərinin tam nəzarət altına alınıb ki, bunun da 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir, onda bu, iqtisadi sahədə də yeni perspektivlərin yaranacağına əsas gətirir.

Bu tarixi hadisə yüksək dəyərə malik olmaqla, Naxçıvan Muxtar Respublikasının uğurlardan qələbələrə doğru qətiyyətli addımladığını bir daha göstərməkdədir.

Söz vaxtına çəkər. Düz 25 il əvvəl elə məhz Naxçıvan Muxtar Respublikasından ulu öndərimiz Heydər Əliyevin böyük xilaskarlıq missiyası ilə başlanan Milli Qurtuluş hazırda ölkəmizin bütün regionlarında davamlı sosial-iqtisadi inkişafın, daxili siyasətdə ictimai-siyasi sabitliyin, xarici siyasətdə diplomatik uğur və üstünlüklərin hərəkətverici qüvvəsinə çevrildi. Tərəddüd etmədən qeyd edə bilərik ki, bu qələbə eyni zamanda muxtar respublikamızın tarixi milli qurtuluşun 25-ci ilinə və ölkəmizə verdiyi qürurverici töhfədir. Muxtar respublikamız bu günlərə qədər bütün sahələrdə təmin edilən inkişaf modeli fonunda bir çox qələbələrə imza atmışdır ki, onları da belə ifadə edə bilərik:

İqtisadi qələbə. Bazar münasibətlərinə xas olan qanunlar əsasında iqtisadi inkişafın sosial və milli mahiyətinin yüksəldilməsindən ibarət inkişaf modeli. Burada əhalinin sosial müdafiəsi, onun səmərəli məşğulluğundan dayanıqlı məmnunluğuna qədər olan bütün məhsuldar proseslər yer almaqdadır. Bu, cəmiyyət üzvlərinin artan təlabatları qarşısında yüksək təminat qabiliyyətinə malik potensialı hədəfləyən iqtisadi siyasətin qələbəsidir;

Siyasi qələbə. Böyük Heydər Əliyev ideyaları əsasında humanizm dəyərlərinə üstünlük verməklə, siyasi sabitliyin güclü dayaqlarının formalaşdırılmasına, insanların azad, firəvan yaşayışına, daha geniş mənada isə xalq və dövlət birliyinin təminatına güc qatan idarəetmənin qələbəsidir;

Diplomatik qələbə. Muxtar respublikamız etibarlı qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin hərəkətverici qüvvəsinə çevrilməklə, sülhün, xoşməramın daimiliyinə təminat verməkdədir. Azərbaycan Respublikasının haqq səsinin dünyaya çatdırılmasında, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, vəhdətin, birliyin, həmrəyliyin qələbəsidir;

Müəyyən edilən hədəflərin qələbəsidir. Ölkənin uzaq gələcək üzrə seçdiyi prioritetlərin səmərəliliyi, xüsusən də, qeyri-neft sektorunun inkişafı, turizmin canlanması üçün müvafiq infrastrukturun yaradılması və bu sahələr üzrə dövlət tənzimlənməsinin səmərəliliyindən ibarət məqsədlərin qələbəsidir;

Təbii ki, hərbi qələbə. Azərbaycan Milli Ordusunun keçdiyi inkişaf yolunu, onun gücünü və qüdrətini göstərdi. Dövlətin bu sahədəki siyasətinin yüksək məhsuldarlığının ən gerçək ifadəsi oldu. Düşmən ölkənin başında  hansı idarəetmənin, hansı idarəedənin olmasından asılı olmayaraq, lazım gələn anda qələbəni qazana biləcək Azərbaycan Milli Ordusunun varlığını bir daha göstərdi. Bu, həm də Azərbaycan Ordusunun Cocuq Mərcanlıdan (Lələtəpədən) başlanan, Günnütlə davam edən və Qarabağda yekunlaşacaq tarixi və hərbi qələbəsidir.

Bu eyni zamanda, Naxçıvan Muxtar Respublikasının 1995-ci ildən bu günə qədər olan dövrdə böyük Heydər Əliyev ideyalarından bəhrələnməklə və müdrik idarəetməyə əsaslanmaqla qazandığı sosial-iqtisadi inkişaf modelinin hərbi inkişaf modelindən ibarət keyfiyyət mərhələsini dünyaya təqdim etməsidir. Və bu, həm də Naxçıvan Muxtar Respublikasının qeyd olunan inkişaf və üstünlüklər fonunda uzun illərdir davam edən blokadanın neqativ təsirləri və təhdidlərinə qarşı qələbəsidir.

Tarixi qələbənin işıqlandığı xəbərləri izlədikcə hər birimiz sonsuz qürur və iftixar hissi keçirdik. Xüsusən də, Naxçıvan Dövlət Televiziyasının əməkdaşlarının və Nuhçıxan İnformasiya Agentliyinin təmsilçilərinin yüksək vətənpərliklə hazırladıqları xəbər və sujetlər, o cümlədən, azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaltmaları onların hər bir əsgərin yanında olduqlarını göstərməkdə idi. Bu, uşaqları, gəncləri, eləcə də bütün vətəndaşları əldə bayraq Qarabağ yürüşünə daha da ruhlandırmaqdadır. Təbii ki, o günə də çox az qalıb. Artıq sosial şəbəkələrdə əlində bayraqla şəkil çəkdirənlər sanki bununla qələbəni dəstəkləyirlər.

2018-ci il Naxçıvan Muxtar Respublikası üçün uğurla başlayan və davam edən tədbirlərlə zəngindir. 31 yanvar tarixində Naxçıvan Gənclər Paytaxtı olaraq bizlərə xoş müjdəsini verdi. Bu il həm də İslam Mədəniyyətinin Paytaxtı kimi qürurumuz daha da böyük olacaq. Bu, həm də cümhuriyyətimizin 100-cü ilində ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması sahəsində növbəti uğurdur.

Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq, bütün sahələrdə ona baş ucalığı gətirməkdədir. Çiçəklənmə dövrünü yaşayan muxtar respublikamız gözəlləşən  ərazilərinə Günnütü də əlavə etdi.

P.S. Günnüt əməliyyatı özü tarixə düşmən üzərində “Döyüşsüz qələbə qazanma” modeli kimi düşə bilər.

Cavadxan Qasımov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: