Bağların bəzəyi Naxçıvan tutu

256

Onu yol kənarında əkərlər ki, uzaq yol gedənlər yorulanda kölgəsində dincəlsinlər, acanlar barını dərib yesinlər…. onu həyətlərdə , qapı bacada əkərlər ki  ,uşaqlar kölgəsində   oynasınlar.  Söhbət tut ağacından gedir,  uşaqlıq xatirələrimizin  ən xoş  ünvanından…. Bəli, uşaq ikən tut ağacının  kölgəsində  məhəllə uşaqları ilə birgə çox oyunlar oynamışıq, meyvəsindən çox yemişik, tutun  qol budaqlarından yapışıb  tut yeməyimizi , əllərimizdə və üz gözümüzdə  olan tut ləkələrini, ondan asılan ən yaxşı uşaq əyləncəsi olan yelləncəyi necə unuda bilərik?

Hər halda elə bir insan tapılmaz ki ,  tut ağacının yanından keçəndə  onun kölgəsində dincəlib meyvəsindən dərməmiş olsun. Yol kənarlarında, bağlarda  yaşıl yarpaqlar arasında özünəməxsus görünüşü ilə secilən ağ, qara, bənövşəyi tutlar hansı birimizin əlini özümüzdən asılı olmayaraq bir anlığa özünə çəkmir ki? Bu dadlı, min bir dərdin dərmanı olan meyvəni dərib iştahla yeyirk. Bir də tut ağacına baxanda  qeyri ixtiyari olaraq uşaqlıq çağlarımız , tut ağacı ilə bağlı xatirələrimiz  yada düşür.

Kölgəsində  süfrə açdığımız, budaqları eyvanımızın pəncərələrini döyən  tut ağacı…El oba  yaddaşında  tut ağacının , hardasa bir az da müqəddəsliyi var. Deyərlər ki “tut ağacını kəsmə qarğışı qalar , kəssən də səni kəsmirəm  o taya aparıram de, inanacaq”, “ Ən dərin , şirin yuxu tut ağacının kölgəsindədi”,  bir də deyərlər  doşabı can dərmanıdı  tutun.  “ İgid oğullar üçün deyərlər  ki, qolları əyilməz, elə bil gər tutdandı”. Gər tut meyvə verməz, onun meyvəsi əyilməzliyidi, ipək də məhz  onun yarpağından olur.

Azərbaycanın milli meyvəsi səviyyəsindədir tut. Tutun həm meyvəsi, həm yarpağı, budağı , həm də oduncağı  çox qiymətlidir. Tut ağacından  mebellərin, məişət və bəzək əşyalarının hazırlanmasında  geniş  istifadə olunur. Ulu babalarımız qədimdə həm də  su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağını da tut ağacından düzəldibər.  Hər şeydən əvvəl saz və tar kimi milli musiqi alətlərimizin anasıdı tut ağacı. Sazın tellərində dil-dil ötəndi, tarın çanağı, qoludur… Tut   uzunömürlü ağacdır,  bu günə qədər qalan, yaşı yüz illərə çatan, qollu budaqlı  tut ağacları bizə  sanki tarix danışır .

 Tut dərdlər dərmanı yaralar məlhəmidir

Tutun meyvəsi  vitaminlərlə çox zəngindir, faydaları saymaqla bitmir, tərkibində küllü miqdarda  üzvü maddələr olan  bu  qiymətli meyvə  hələ qədimdən Muxtar Respublikamızın da  hər yerində geniş becərilib. Əsasən may iyun aylarında yetişir, ağ tut, xar tut, dənəli tut,  dana tut, bənövşəyi tut, qara tut növləri arasında ən gec yetişəni isə xar tutdur ki iyul avqust aylarında yeyilir.  Ondan dadlı mürəbbə, xoşab (kompot) hazırlanır, eyni zamanda təzyiqin dərmanıdır.

 Səhərlər   ac qarına tut ağacının budaqlarını əyib, əl-ətəyində şirəyə dolan meyvələrini yeyən kəslər çətin ki  mədə bağırsaq, qaraciyər xəstəliklərindən əziyyət çəksin. Tut belə xəstələrə çox rahatlıq gətirir. Həkimlər   bildirirlər ki, tut yarpağından dəmlənən çay  şəkər xəstələri üçün faydalıdır, qaraciyər ağrılarında  qara tut, həzmi yaxşılaşdırmaq üçün isə  tam yetişməmiş  turş tut meyvələrini yemək məsləhətdir.  Sümük və oynaq ağrılarından əziyyət çəkən adamlar  tut yığılıb qıcqırdılmış çəlləyin içərisinə  girərlərsə bu ağrılar kəskin şəkildə azalar.    Tut cubuğunun qabığı soyulandan sonra ağ zoğları  yaraların üzərinə qoyulanda  tez vaxtda sağalır. Tutun  yarpağını qaynadıb dişi qarqara edəndə diş ağrısı kəsir. Ağbirçək nənələrimiz tut yarpağını  həm də  şorabaların üzərinə qoyurlar ki, qoxunu çəksin. Naxçıvan ərazisində xanımlarımız tutun körpə  yarpaqların dadlı dolma da bişirirlər. Bir çox yerlərdə ondan hətta kətə də bişirilir.

Tutun toplanması da maraqlıdır. Onu meyvəli budaqlarını silkələmək və ya budaqlarını ağacla  çırpmaqla yığırlar. İlin, günün bu çağında tut çırpmaq da bir ayrı mərasimdir. Az qala evdəki bütün ailə üzvləri, qonum qonşular tut çırpımında iştirak edər, qollu biləkli bir oğlan uşağı tutun budaqlarını silkələdikcə  yetişən tutlar qadınların dörd bir tərəfindən tutduğu süfrənin üzərinə, bir qədəri göy çəmənə düşür, bu mənzərə elə bil  tut yağışını xatırladır…   Tutdan doşab, mürəbbə bişirilir, spirtli içkilər hazırlanar.

Tut doşabı soyuqdəymə, qaraciyər  xəstəliklərində əvəzsiz müalicə vasitəsidir.  Tutu həm də qurudub il boyu  quru meyvə kimi də istifadə  edirlər.  Yeri gəlmişkən deyək ki  Ordubad rayonunda  bu nemətlər daha çox hazırlanır.  Bu gün Ordubad rayonunun bir sıra yaşayış məntəqələrində eləcə də  Nüsnüs kəndində də tutdan dolanışığını təmin edən insanlar çoxdur. Bir vaxtlar bu kənddə də  tut ağacları çörək ağacı olub. Kənd sakini Samirə Quliyeva  bizimlə söhbətində vaxtilə baramaçılığın bu kənddə də insanların əsas məşğuliyyəti olmasından  və tutdan hazırlanan nemətlərdən danışdı.  Bildirdi ki Nüsnüs kəndində tutdan doşab,  mürəbbə, xoşab , araq və tut qurusunu xanımlarımız  bu gün də hazırlayırlar. Tutdan hazırlanan tut qurusu il boyu evlərimizdə çay süfrələrinin bəzəyidir. Bir vaxtlar, müharibənin çətin illərində   tut qurusu  və tut meyvəsi insanları aclığın girdabından  xilas edib.    Tut qurusu ilə içilən çay isə  əvəzsiz nemətdir.

 Bəsləsən atlas olar tut yarpağından …

 Tut  bitkisinin ən maraqlı cəhəti onun ipəkçilik sənayesində istifadə olunmasıdır. Qədim zamanlardan tutdan yalnız meyvəçilik deyil  ipəkçilik məqsədilə də geniş istifadə edilib. Tarixi İpək Yolu üzərində yerləşən, Azərbaycan, bir vaxtlar  həm də ipəkçilik ölkəsi kimi  də tanınıb.. Tarixi qaynaqlarda və mənbələrdə də  göstərilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə yayılıb. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər bölgələrimizdə inkişaf etdirilib. Beləliklə də, ipəkçilik əhalinin təsərrüfat məşğuliyyəti olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilib. Hər tut növündən də ipəkçilik sənayesində istifadə etmək iqtisadi cəhətdən  səmərəli deyil. İpək qurdu yalnız tut yarpağı ilə bəslənir, ancaq hər tut yarpağından da ipəkqurdu qidalanmır, keyfiyyətli sap istehsal etmir. Hazırda ölkəmizdə  bu sahədə ən çox becərilən  kol tut və zərif tut növləridir. Son vaxtlar  isə xarici ölkələrdən də  ipəkçilik sənayesində istifadə olunan və yarpaq məhsuldarlığı yüksək olan  tut ağacları da gətirilərək becərilir. Bütün bunlar isə bu sahənin inkişafına geniş imkanlar açır.

 Tarixi mənbələrə nəzər salsaq görərik ki,  Naxçıvanda da  uzun illər hələ  e.ə. 3-5 min il bundan əvvəl tut bitkisi becərilib. 1960-70-ci illərdə Muxtar Respublikamızda tut bitkisi xüsusilə baramaçılıqda geniş istifadə olunub və bu iri tut plantasiyalarının salınması ilə nəticələnib. Su arxları, yol kənarları, boş torpaq sahələrində tut bağları salınıb ki , onların da yarpaqları yığılıb baramaqurdunun yemlənməsində istifadə olunub. Vaxtilə barama, ipək Naxçıvanda  da qiymətli sərvət olub. Hətta  Ordubad rayonunda ipəkçilik fabriki  də fəaliyyət   göstərib. İllər uzunu Ordubad ipəyi dünya bazarlarında geniş şöhrət qazanıb ,neçə-neçə baxışda, sərgidə  üstünlük əldə edib.  Xeyirli, bərəkəti bilindikcə barama əhalinin gözündə daha da ucalıb: “Cənnət qurdları”, yaxud “qızıl qurdlar” kimi tanınan barama qurdlarına qayğı olub. Barama bəslənən otaqlar yad baxışdan, bədnəzərdən pünhan saxlanar, haram əlli, yalan dilli, adı bədnam adamlar ora yaxına buraxılmazdı. Baramaaçma günü isə  əsl toy-bayramına çevrilərdi…

Bu  gün də  Muxtar Respublikamızda  kənd təsərrüfatında    hər sahədə olduğu kimi  ipəkçiliyin də  əvvəlki şöhrətinin qaytarılması üçün  əməli tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda baramaçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub. 2016-cı ildə Naxçıvan Ordubad magistral yolunun  Düylün kəndi ərazisində salınan hazırda göz oxşayan tut ağacları da  dediklərimizə sübutdur. Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı Nazirliyinin də əməkdaşları  tərəfindən   da bu sahədə bir sıra işlər aparılmaqdadır. Baramaya, ipəkçiliyə göstərilən zəhmət isə  heç vaxt hədər getməz. Məşhur  el məsəlində də  deyildiyi kimi:

Bəsləsən atlas olar, tut yarpağından.

Tut bağlarının salınması isə nəinki barama istehsalı üçün xammaldır, eyni zamanda  təbiətin mühafizəsində, ekologiyanın təmiz olmasında, tarla qoruyucu meşə zolaqlarının salınmasında, şəhər və qəsəbələrin yaşıllaşdırılmasında, əkin sahələrinin küləkdən mühafizəsində böyük rolu vardır.

 Bir sözlə bağların bəzəyi, illərin yadigarı  tut ağacı təbiətin və ulu babalarıızın bizə bəxş etdiyi ən qiymətli sərvətdir.

Türkanə  Əmoyeva

Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: