AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təsdiqlənib
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələrə dair hesabata baxılıb.
NUHÇIXAN-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ildə AMEA tərəfindən mövcud elmi-texniki potensialın daha da inkişaf etdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllinə, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yönəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.
Hesabat ilində Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları, doktorantlar, ali təhsil, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin AMEA-nın magistrantları üçün müəyyən edilən təqaüdlərin aylıq məbləği artırılıb. Bunlardan əlavə, dövlət başçısının müvafiq sərəncamlarına əsasən elmin inkişafında xüsusi xidmətləri olan alimlər yüksək dövlət təltiflərinə layiq görülüb, görkəmli elm xadimlərinin xatirələri əbədiləşdirilib, yubileyləri dövlət səviyyəsində qeyd edilib.
2017-ci ildə AMEA Rəyasət Heyətinin iclaslarında akademiyanın elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi, elmi-təşkilati, struktur və kadr məsələləri, normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.
Dövlət başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na əsasən AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Azərbaycan Gənc Alimlərinin Qurultayı keçirilib.
Ötən il AMEA-nın elmi müəssisələri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın, habelə 15 dövlət proqramının və digər dövlət tapşırıqlarının icrasında yaxından iştirak edib, dövlətin elm siyasətinin reallaşması üzrə bir sıra tədqiqat işləri və layihələr həyata keçiriblər.
Hesabatda göstərilir ki, 2017-cı ildə ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tempinə müvafiq olaraq elektron Azərbaycanın tərkib hissəsi kimi elektron elmin formalaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib, onun elektron təhsil və digər onlayn mühitlərə inteqrasiyası təmin olunub. Elektron elmin platforması olan AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturu yenidən qurulub, texnoloji bazası modernləşdirilib və funksional imkanları əhəmiyyətli dərəcədə artırılıb.
Ötən il keçirilən AMEA-nın üzvlüyünə seçkilərdə akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib. Respublika üzrə 12 alim “AMEA-nın professoru” adına layiq görülüb.
AMEA-nın magistraturasında 2017/2018-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayı artırılıb və magistraturaya 12 ixtisas, 39 ixtisaslaşma üzrə yüksək balla 67 nəfər qəbul olunub.
Elmi müəssisələr tərəfindən 2017-ci ildə 70-dən artıq əməkdaşlıq sənədi imzalanıb, 50-dən çox beynəlxalq tədbir təşkil edilib. 2017-ci ildə AMEA-nın alimləri bir sıra təşkilatların qrant müsabiqələrində iştirak edərək 117 qranta layiq görülüb.
Hesabat ilində 1500-ə yaxın elmi tədqiqat işi aparılıb, alınmış elmi nəticələr əsasında, ümumilikdə, 8900 məqalə və tezis, 532 kitab və monoqrafiya nəşr edilib, 50 patent alınıb.
Ümumi yığıncaqda hesabat müzakirə olunaraq təsdiq edilib. Qərara əsasən AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab olunub. Qərarda elmin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasının, AMEA-nın beynəlxalq meqalayihələrdə, o cümlədən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna), Avropa Nüvə Tədqiqatı Mərkəzi (CERN) ilə birlikdə həyata keçirilən layihələrdə fəal iştirakının davam etdirilməsi, nanostruktur və nanotexnologiyalar üzrə fundamental elmi tədqiqata dair, eləcə də ekoloji və aqrar sahədə elmi problemlərin həllinə yönəlmiş proqramların işlənilməsi ilə bağlı müddəalar yer alır. Bundan başqa, qərarda struktur biologiyası, Azərbaycan populyasiyasının, o cümlədən irsi və qeyri-irsi xəstəliklərin molekulyar-genetik əsaslarının öyrənilməsi, Azərbaycanda insan genomunun tədqiqi, kompüter genomikası və bioinformatika sahələrində multidissiplinar elmi tədqiqat işlərinin genişləndirilməsi, AMEA-da ölkənin müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı strateji əhəmiyyətli işlərin davam etdirilməsi, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının yaradılması, elmin informasiya təminatının gücləndirilməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyasının təmin edilməsi, AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanması üçün AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun fəaliyyətinin daha da gücləndirilməsi məsələləri də öz əksini tapır.