Naxçıvanda taksi sürücüləri muzeyləri gəziblər

1. 680

Muxtar respublikanın muzey və tarixi abidələrini  turistlərə daha yaxşı  tanıtmaq üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülərə bu məkanlara müntəzəm ekskursiyalar təşkil edilir. NUHÇIXAN xəbər verir ki, bu dəfə taksi sürücüləri Xan Sarayını ziyarət ediblər. Burada ekskursiya iştirakçılarına muzeyin  tikildiyi tarix, onun ilk sahibi olan 1-ci Kalbalı xan haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, burada 400-ə yaxın eksponat nümayiş olunur.  Təkcə bu ilin aprel-may ayları ərzində sarayı 20 minə yaxın turist ziyarət edib. Onlardan 8 minə  yaxını xarici vətəndaşdır. Son günlər sarayın ekspozisiyasına 20 yeni elmi-tədqiqat və rəsm əsərləri, o cümlədən ov silahları  və digər eksponatlar  daxil olub.

Taksi sürücüləri həmçinin Cəmşid Naxçıvanskinin ev muzeyində də olublar. Cəmşid Naxçıvanskiyə və ailəsinə məxsus fotoalbomlar və şəxsi əşyalara baxıblar.

 Məqsəd taksi sürücülərinin muzey və tarixi abidələrimizlə bağlı  biliklərini artırmaqdır. Çünki muxtar respublikamıza gələn turistlərin ilk dəfə münasibətdə olduqları adamlar adətən, taksi sürücüləri olurlar. Beləliklə, tariximizlə bağlı müəyyən biliklərə malik olan sürücülər turistləri rahat şəkildə muzey və tarixi abidələrlə tanış edə və məlumatlandıra bilərlər.

Taksi sürücülərinin digər muzeylərlə tanışlığı bundan sonra da davam edəcək.

 

                                                                                       Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: