İstirahətinizin ən doğru ünvanı

848

Dəyərli dostlar, NUHÇIXAN Naxçıvan Muxtar Respublikasının görməli, gəzməli yerlərini sizə daha yaxından tanıtmaq üçün bir layihəyə start verir. Bu layihədə kəndlərimiz, istirahət məkanlarımız  haqqında ətraflı məlumatlar verməklə yanaşı, turizm potensialımızı foto və video görüntülərlə təqdim edəcəyik. İlk yazımız Naxçıvan Televiziyasının əməkdaşı Ruhiyyə Rəsulovanın Ordubad rayonun Çənnəb kəndindən hazırladığı materialdır. NUHÇIXAN həmin yazını təqdim edir.

Çənnəb yoxsa Cənnət?

İkinci dəfədir ki, Ordubad rayonun ucqar dağ kəndi olan Çənnəbə yolum düşür. Naxçıvan şəhərindən Çənnəbə qədər olan məsafə təxminən 75 kilometrdir. Bizi müşaiyət edən rahat yol uzaq məsafəni yaxın edir. Nə vaxt kəndə  yetişdiyinin fərqində belə olmursan.

2013-cü ildə burada yeni sosial obyektlərin açılışı olub. Ötən ilin payızında isə Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu rahat yol adamı  Çənnəbə yox, sanki cənnətə aparır. Cənnətin qapısında səni ilk qarşılayan buranın zəhmətkeş insanları olacaq. Çənnəblilər əsasən kartof və kələm əkini ilə məşğul olurlar. Göz işlədikcə uzanan əkin sahələri gözəl bir tablonu xatırladır: “Bərəkətli torpaqlar”. Qonşu  Üstüpü kəndi kimi Çənnəbin də kələmi bazarlarda adıyla tanınır. Kələm əkini üçün bu torpaqlar olduqca əlverişlidir. Bu ərəfədə yolunuz düşsə, səhər saatlarından kişi-qadın, uşaq, bir sözlə, bütün ailə üzvlərini sahələrdə görəcəksiniz. Hərə bir işlə məşğuldur. “Bərəkətli olsun!”, – deyib üzüyuxarı kəndin içinə doğru qalxırıq. Kəndin saf havası, dumduru bulaq suları, dörd bir tərəfini əhatə edən əzəmətli dağlar, yüksəklikdən baxanda yaşıllıqların içində ağaran evlər insanı məftun edir. Kənd dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdədir. Burada kənd adamlarını “Bədərək” adı verdiyi bir bulaq da var. Günün hansı saatında getsəniz, əlində su qabı bulaq başına gəlmiş qız-gəlinlərlə rastlaşacaqsınız. Bir parç ürəksərinlədici bulaq suyundan verib,  ürəkdolusu da tərif edəcəklər. Deyilənə görə suyun tərkibi zəngindir və zob xəstəliyinə qarşı olduqca təsirlidir. Böyrək və öd xəstəliklərində də əhali arasında geniş istifadə olunur. Onun üçün həyətlərində içməli su olsa da, məhz bu bulağın suyundan istifadə etmək  üçün evlərə daşıyar, süfrələrinin əsas nemətinə çevirərlər.

Kəndin içərilərinə doğru getdikcə maraq adamı  daha çox bürüyür. Elə uzaqdan tarixin izlərini özündə yaşadan evlər diqqətini cəlb edəcək. Öyrənirik ki, burada əksər evlər 19-cu əsrin əvvəllərindən qalmadır. Yəni yaşı 200 ilə qədərdir.  Canlı tarix yaşanır bu kənddə. Evlərin divarlarının qalınlığı hardasa 1 metrə yaxındır. Bu qalınlıq pəncərələrdən daha aydın müşahidə edilir. Divarların dörd bir yanını taxçalar bəzəyir. Belə evlərdə heç bir şəkildə kondisionerə ehtiyac duyulmur. Hətta belə tarixi tikililərdən birində maraqlı mənzərəyə rast gəldik. İkimərtəbəli evdən həyətyanı sahəyə keçmək üçün körpü salınıb. İlk baxışdan bayırı nisbətən nimdaş görünsə də əslində yerli sakinlər bu evlərə  həm tarixi ata-baba ocağı olduğuna, həm də qədim Naxçıvana  məxsus  tikili kimi dəyər verirlər. Kənd sakinləri imkanları olsa da bu evləri yeniləmək niyyətində deyillər. Axı bir sıra infrastrukturu- yolları, inzibati binaları müasirləşən Çənnəb indi məhz bu evlərə görə tarixlə müasirliyin vəhdətinə çevrilib.

Evlərin zirzəmisinə gəldikdə isə tamamilə fərqli quruluşdadır. Tağşəkilli bu zirzəmilər evboyuncadır və buzxananı xatırladır. Memarlıq quruluşu onların tarixinin qədim olduğunu söyləməyə əsas verir. Bir anlıq özünü keçmişdə hiss edirsən. Qapılar cəviz, palıd və qarağacdan kustar üsulla düzəldildiyi üçün çox ağırdır. Necə deyərlər, zindan kimi. Açmaqda çətinlik çəkirsən. Zirzəmidən evə pillələr salınıb. Tavandan sallanan dəmir halqalar, qarmaqlar ət asmaq üçün nəzərdə tutulub.  Üzərinə tənziftipli parça salmaqla əti uzun müddət saxlamaq mümkündür.  Həmçinin üzümü qışa saxlamaq üçün milax edib bu qarmaqlardan  asırlar. Bir sözlə, yayda  soyuducu, qışda anbar  rolunu oynayan bu zirzəmilərdə ərzaq məhsulları saxlanılıb və hazırda da saxlanılır. Yayın cızhacızında bu zirzəmilərə girmək və 5 dəqiqə durmaq kifayət edir ki, üşüyəsən.

Bir qədər də Çənnəbin insanları haqqında. Təsəvvür edin, ilk dəfə getdiyiniz bir kənd və tanımadığınız insanlar. Narahat olmayın. Bu qonaqpərvər, istiqanlı insanların hər birinə qonaq olmağa belə vaxtınız yetməyəcək. Hansı qapıdan keçsəniz, sizi evə dəvət edəcəklər. İlin istənilən fəslində qabağınıza hər cürə naz-nemət düzəcəklər. Ordubadlıların nəyi də olmasa, limonu, çeşid-çeşid mürəbbəsi və meyvəsi və meyvə qurusu mütləq olacaq. Öz əllərinin zəhməti ilə hazırladıqları, yetişdirdikləri məhsulları ilə öyünəcəklər. Haqsız deyillər də. Ekoloji cəhətdən saf məhsullar süfrələri bəzəyər.

Burada özünüzü o qədər rahat hiss edəcəksiniz ki, inanın, özünüzü ən doğma insanların əhatəsində biləcəksiniz. Özünüzü burada yad hiss etməyəcəksiniz, çünki cənnət dedikləri elə buradır. Bütün qayğı və problemləriniz kənddəki dumduru, gursulu kəhrizlərin dərinliyində itib-batacaq. Bir sərinlik, rahatlıq, doğmalıq hiss edəcəksiniz. Və istirahət üçün bu kəndi seçdiyinizə heç də peşman olmayacaqsınız. Çənnəb yay tətilinizin ünvanı ola bilər.

                                                                     Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: