Üzü yaya gedən günlərdir, havalar istiləşdikcə bir birindən ləziz, dadlı meyvə və tərəvəzlər yetişir . Bazar və marketlərdə üstünlük təşkil edən mövsüm meyvələri sırasında çiylək də var. Mövsümün bəlkə də elən ən sevilən meyvəsi də elə çiyələkdir. İstər dadı və ətri , istərsə də cəlbedici görünüşü olan bu giləmeyvəni hər kəs sevir.
Sağlamlıq baxımından da son dərəcə faydalı olan çiyələk qan təmizləyici xüsusiyyətə malikdir, diş ətlərini gücləndirər,ağız qoxusunu aradan qaldırar,sakitləşdirici təsiriylə, təzyiqi aşağı salmağı da təmin edir.
Muxtar Respublikamızda isə çiyələk daha çox Babək rayonun Zeynəddin kəndində əkilir. Ümumiyətlə desək Muxtar Respublikamızda bu kənd həmişə meyvələri ilə şöhrət tapıb . Burada yetişən meyvələr ,bu torpaqda bitən bar-bəhər Naxçıvanda adı ilə tanınır.
Zeynəddin göycəsi, badamı, alması , armudu ,heyvası , üzümü, ətirli çiyələyi bazar və marketlərdə piştaxtaları bəzəyib, alıcısı da başının üstündə…Təbii ki, yetişən bu bar-bəhər bu torpaqda çalışan insanların torpağa tökdükləri tərin və qabarlı əllərin məhsuludur. Sərin bir yaz səhərində yolumuzu bu kəndə saldıq. Kəndin insanı valeh edən yamyaşıl hüsnü necə deyərlər qəlbimizi vəcdə gətirdi.
İlin günün bu çağında Zeynəddində elə bir həyət tapmaq olmaz ki orada çiyələk sahəsi olmasın. Kənddə qadınlı kişili hər kəsin çiyələk əkininə marağı böyükdür.
Sakinlər çiyələyi həm çöl,həm də həyətyanı sahələrdə əkirlər Biz də Əlləddin Əliyevin çiyələk sahəsində olduq . Kol dibindən qızaran çiyələklər göz oxşayırdı , bir necəsinin dadına baxdıqdan sonra təsərrüfatçı ilə söhbət etdik. O, deyir ki,çiyələyi biz güzəranımızı yaxşılaşdırmaq üçün əkirik, məhsuldar ,gəlirli bitkidir , torpağa şırım üsulu ilə əkilir. Suya tələbkardır, həftədə bir dəfə suvarılmalıdır. Aprel may aylarında alaqdan təmizlənən çiyələk sahələrinə mineral gübrələr verilməlidir. Birinci il əkilən çiyələk sahələrindən 3 il ardıcıl məhsul əldə etmək mümkündür. Əkdiyimiz çiyələk viktoriya çiyələyidir may ayından başlayaraq oktyabr ayınadək məhsul verir. Son illərdə Qazaxıstandan çiyələyin yeni bir növünü qara çiyələyi də gətirib əkmişik . Çiyələk yetişdirilməsi ən asan olan bitkilərdəndir. Bu dadlı giləmeyvədən hazırlanan siroplar, kompotlar , mürəbbələr də can dərmanıdır.
Bağbanın bu sahədən əldə etdiyi yaxşı gəlir ,eləcə də bu gün aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı , Muxtar Respublikamızda Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı istiqamətində qəbul edilən dövlət proqramları onu bu işə daha da həvəsləndirib. Gələcəkdə çiyələk sahəsini genişləndirməyi qarşısına məqsəd qoyub İndi bazarda Zeynəddin çiyələyinə tələbat də çoxdur , qiymətinə gəldikdə isə 2-3 manata alıcılara təklif olunur.
Torpağın mineral tərkibindəndir, ya içdiyi sudan, amma Zeynəddinin bağlarında bitən meyvələrin dadı başqadır. Bal kimi şirin üzümü,ətirli şaftalısı, badamı, hamının çox sevdiyi çiyələyi, sulu göycəsi mövsümündə Naxçıvan bazarlarında piştaxtaların yaraşığı,süfrələrin bəzəyidir.
Türkanə Əmoyeva
“Şərqin səhəri” qəzeti