İslamda Əshabi-Kəhf, İnsanlarda Əshabi-Kəhf

672

Yolum, Əshabi – Kəhf ziyarətgahınadır. Yaxşı xatırlayıram. İlk dəfə bu yolu, 10 yaşım olanda valideyinlərimlə getmişdim. Həmin vaxt bu yolların kənarları, quru və yabanı otlarla örtülmüş, daşlıq bir ərazi idi. Bu gün isə hər tərəf yaşıllığa bürünmüş, səliqə və səhmanlı, bağlı–bağatlı bir əraziyə çevrilib. Bütün bunları görəndə sanki məni ovsunlamışdılar. Elə bil, başqa bir aləmə düşmüşdüm. Qədimliklə, müasirliyin astanasında dayanmışdım elə bil. Sanki zaman maşını məni uzaqlara aparmışdı. Ancaq qəfildən avtomobili idarə edən dostumun:  “Görürsən necə gözəl mənzərədir ?” deməsi, elə bil məni yuxudan ayıltdı. Maşından düşdük və göz oxşayan bu gözəlliyi, gəzə – gəzə, seyr etməyə başladıq. Doğurdan da, buranın yaşıllıqlar içərisindəki   örtüyü  bura üz tutanlara, ilk andan xoş təsir bağışlayır. Ziyarətgaha aparan yolun  rahatlığı burdakı abadlıqdan xəbər verir. Axı yaxşı bir atalar sözümüz var – Abad yurd yolundan bəlli olar. Bunu dostuma söyləyəndə gülümsünərək dedi ki, bu yolu görəndə babamla bağlı bir hadisə yadıma düşdü. Bir dəfə uşaq olanda, babam sübh tezdən evdən çıxıb, ziyarətgaha yola düşmüşdü. Axşam düşəndə babamdan səs- soraq yox idi. Evdəkilər, yaman narahat olmuşdular. Gecədən xeyli keçmiş, evdəkilərin səsinə yuxudan oyandım. Babam gəlmişdi. Sən demə yollar o qədər qaranlıq, o qədər dolanbac və kələ-kötür imiş ki, babam yolu azıb, tamam başqa səmtə gedibmiş.  Ancaq indi gördüklərim, tam başqa idi. 20 ildə buranı elə dəyişiblər ki, elə bil 100 il gecə – gündüz burda dayanmadan işləyiblər. Dostum   yolumuza davam eləməyi təklif etdi.

 Ziyarətgaha çatanda burdakı sakitlik, təmizlik  və ilahi aura adamı öz ağuşuna alır.   Sanki, burda insan bir kənarda dayanıb cismiylə, ruhunun rahatlığına baxır.

Əshabi-Kəhfdə insan bir şeyi dərk edir- burda ilahi qüdrətlə insan əməlinin vəhdəti var. Tanrının nümunə üçün insanlığa göndərdiyi bu ziyarətgaha gələn ziyarətçilərin rahatlığı üçün çox işlər görülüb. İlk baxışdan sərt görünən yamac elə bir ustalıqla pillələrə bölünüb ki, buranı çıxan istənilən yaşda insan heç bir çətinlik çəkmir. Əshabi-Kəhf ziyarətgahının ətəyində yaradılan yaşıllıqlarla əhatələnən rahatlıq, yolçuların yorğunluğunu almaq üçün oturacaqlar ilk məqamda insana verilən dəyər, müqəddəs məkana göstərilən ehtiramdır.

Yuxarıya doğru irəlilədikcə sanki, ruhum məndən ayrılıb mənimlə birgə bu müqəddəs yeri ziyarət edirdi. Bu müqəddəs yerdə dayanıb min  illərin sirrini özundə saxlayan dağlara baxırdım. Gözüm dağın qayalıqlarının üzərində bitən yaşıl dağdağan ağacına sataşır. Həmin anda  Həzrəti Əlinin (ə.s) bir kəlamı ağlıma gəldi: “Quraq vadinin ağacı, yaşıl vadinin ağacından möhkəmdi”. Məhz elə bu möhkəmlikdir ki, bu ağaclar öz köklərini qayaların dərin qatlarına qədər ilişdirib küləklərə, tufanlara , hətta susuzluğa meydan oxuyaraq yaşayırlar.

 Ziyarət əsnasında nə qədər rahatlıq tapıram. Sanki bu məkan dünyanın ən sakit, səsdən –küydən uzaq bir yeridir. Halbuki, Əshabi-Kəhfdə həmin gün yetərincə sayda ziyarətçi var idi. Amma bu adamların danışığı dağlara, qayalara dəyib qayıtmır, əksinə sanki yuxarıya dəyib göyə ucalırdı. Məhz buna görə də bu yerlər sakitlikdir. Həm də coğrafi baxımdan mağaranın üstünün açıq olması da buna zəmin yaradır. Səs dalağa olaraq adətən yuxarı  qalxır. Elə bu müqəddəs məkanda edilən duaların da təsiri tez olur. Çünki burda Allahla dua vasitəsilə rabitə quran hər kəsin səsi qayalardan süzülərək silindir  şəkilli  Əshabi-Kəhf ziyarətgahından birbaşa göylərə ucalır.

Bu təkcə tanrı möcüzəsi deyil, həm də bizə göndərilən böyük bir ərməğandır. Onu lazımınca təbliğ eləmək, dünyaya tanıtmaq da bizim üzərimizə düşür. Hamımız yaxşı bilirik ki, qədimliklə müasirlik birləşərək vəhdət əmələ gətirən ulu yurdum Naxçıvan bu il, yəni 2018-ci il İslam Mədəniyyətinin Paytaxdı elan edilib və biz hər birimiz Azərbaycan vətəndaşı, Naxçıvan sakinləri olaraq Naxçıvanımızı İslam ölkələrindən gələn hər bir turistə bu yerlərlə bağlı həqiqətləri düzgün təbliğ etməliyik. Çünki, bu bizim Vətən borcumuzdu. Neçə deyərlər bu torpaq üçün nəsə etməsən, öldüyündə torpaq səni qoynuna almaz.

                                                                                Əli Orucov

                                  “Naxçıvanın səsi” radiosunun müxbiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: