Hindistanın ölkəmizdəki səfiri Naxçıvanın ali təhsil müəssisələrində və Biznes Mərkəzində olub

226

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.

NUHÇIXAN xəbər verir ki, diplomat səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Qonağa ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində tələbələrlə keçirilən görüşdə səfir Hindistan-Azərbaycan arasındakı dostluq və yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən danışıb. Diplomat qeyd edib ki, iki ölkə arasında beynəlxalq əməkdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xatırladılıb ki, 1991-ci il dekabrın 26-da Hindistan Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edən səfir qeyd edib ki, bu gün də iki ölkə arasında ticarət, iqtisadi, elmi, texnoloji, mədəni sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Enerji və nəqliyyat sahələrində əlaqələrin əhəmiyyətindən danışan diplomat Şimal-Cənub dəhlizinin Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayıb.

Diplomat tələbələrə Hindistanda geniş yayılmış yoqanın insan həyatındakı əhəmiyyətindən bəhs edən mühazirə oxuyub. O, Azərbaycanda yoqa dərslərinin öyrədilməsindən məmnunluğunu bildirib, sağlamlığın qorunmasına birbaşa təsir edən yoqa dərslərinin gələcəkdə Naxçıvan Muxtar Respublikasında da keçirilməsi arzusunu ifadə edib. Səfir vurğulayıb ki, yoqa nə idman, nə də siyasətdir, bu, sadəcə, sağlam həyat tərzidir.

Daha sonra Polşada Beynəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış, “Yoqa Şiromani” tituluna və diplomuna layiq görülmüş, Klassik Yoqa Məktəbinin müəllimi Elçin Quliyev yoqa barədə müəllim və tələbələri məlumatlandırıb.

Səfir “Naxçıvan” Universitetində də olub. Ali təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat alan diplomat buradakı müəllim və tələbə heyətinə də Azərbaycan-Hindistan arasındakı qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri, Hindistanda geniş yayılmış yoqa haqqında mühazirə oxuyub.

Naxçıvan Biznes Mərkəzində olan qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Vurğulanıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə 15 adda məhsulun istehsal olunduğu Naxçıvan Muxtar Respublikasında bu gün 372 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Qeyd edək ki, Hindistan səfiri Sanjay Rananın muxtar respublikaya səfəri davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: