5 yaşlı Bəkirin sevinci!

151

“Hörmətli Sədr! Kəndimizə gəlişiniz biz uşaqları sevindirir. Çünki bizim üçün müasir məktəb binası istifadəyə verilir. Qürur duyuruq ki, gələcəkdə bu məktəbdə təhsil alacağıq. Söz veririk ki, müstəqil Azərbaycan üçün layiqli övladlar olacağıq. Yaşasın Müstəqil Azərbaycan!”.

Bu sözləri bu günlərdə Ordubad rayonunun Üstüpü kənd tam orta məktəbinin açılış mərasimində məktəbəqədər hazırlıq qrupunun şagirdi, 5 yaşlı Bəkirin dilindən eşitdik. Bəkirin sözləri ictimaiyyət, xüsusilə sosial şəbəkə istifadəçiləri tərəfindən  böyük maraqla qarşılandı. Balaca Bəkirin  görüntüləri qısa zamanda minlərlə insan tərfindən izləndi, xoş sözlər yazıldı.  Əslində, Bəkirin  sevinci təkcə Üstüpü kəndinin deyil, Ordubadın, Naxçıvanın, nəticə etibarilə ölkəmizin sevinci idi. Hər bir xalqın inkişafında vacib və başlıca şərt olan təhsilin inkişafı yolunda atılmış daha bir addımın sevinci idi. Deyirlər ki, uşaq gülürsə, demək bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin  xoşbəxtliyidir. Bəkirin xoşbəxtliyi kimi. Onunla bərabər sevinən sinif yoldaşlarının xoşbəxtliyi kimi. Hələ Bəkirin 5 yaşı var. O xalqımıza, dövlətimizə layiqli övlad kimi yetişəcəyinə söz verdi.  Vaxt gələcək böyüyəcək, anlayacaq və qürur duyacaq ki,  qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbov tikib-qurduğu məktəbin yetirməsidir. 

Bəkirin sevinci  bizi heç də uzaq olmayan yaxın keçmişə apardı.  Ötən əsrin 90-cı illərinin əvvəllərində  Ordubad rayonunda təhsil sahəsində  zəiflik, intizamsızlıq, daha dəqiq desək, özbaşınalıq özünü daha qabarıq göstərirdi. Rayonda kəndlərində  baş verən bu hallar haqlı olaraq rayon sakinlərinin etirazına səbəb olurdu.  Üstüpü kəndi başda olmaqla, Nüsnüs, Əylis, Vənənd, Sabirkənd, Dəstə və başqa kəndlərdə narazılıq getdikcə artırdı. Bu, yaşlılara daha çox təsir edirdi. Çünki onlar Ordubadda təhsilin həmişə yüksək səviyyədə olduğunu görmüşdülər. Bu torpağın yetişdirdiyi ziyalılarla qürur duyurdular. Yaranmış vəziyyət isə təhsilin sonunun yetişdiyini göstərirdi. Amma bu insanların səsinə səs verən yox idi…

… 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyəti haqqındakı arxiv materiallarında məktəblərin yararsız halda olması, şagirdlərin dərsliklərinin çatışmaması, təhsilin səviyyəsinin aşağı olması xüsusilə qeyd edilir. Bunlar dərd yarı. Ən faciəvi vəziyyətlərdən biri isə uşaqların pis vərdişlərə yiyələnməsi, onlar tərəfindən cinayət hadisələrinin törədilməsi və başqa bu cür hallar gələcəyimizin böyük təhlükədə olduğunu göstərirdi. 1994-cü il aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə məktəblilərin müxtəlif xidmət sahələrində işə cəlb olunması gündəmə gətirilsə də, bu problemlərin aradan qaldırılması üçün heç bir əməli addım atılmadı. Vəziyyət isə daha da ağırlaşırdı. Bu şəraitdə təhsil almaq heç də asan deyildi. Elə olurdu ki, uşaqlar həftələrlə məktəbə getmirdilər. Bəli, o zamanlar təhsilə göstərilən diqqət və qayğıdan danışmaq belə olmazdı. Məhz ona görə o illərdə “Gələcəyimiz təhlükə altındadır”, “Təhsil qayğı istəyir”, “Ordubadda yeni “kəşf”, “Şagird dəftər istəyir” və başqa yazılar mətbuat səhifələrində yer alırdı. Həmin yazılardan aydın olur ki, o illərin məktəblisi adi bir şagird dəftərinə həsrət qalmışdı. Amma bu gün Bəkir 24-25 il bundan əvvəl  həmyaşıdlarının çəkdikləri əziyyəti çəkməyəcək. 340 yerlik məktəb binası o və onun kimi məktəblilərin  ixtiyarına verilib. Ali təhsil müəssisəsinin binasından seçilməyən yeni məktəb binasında ikisi elektron lövhəli olmaqla 16 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 1852-si dərslik və 3050-si bədii ədəbiyyat olmaqla 4900-dən çox kitab vardır.   Kompüter otağında isə 19 kompüter quraşdırılıb və internetə qoşulub. Bir sözlə, məktəbdə tədrisin səviyyəsini yüksəltmək üçün bütün imkanlar yaradılıb.

Bəli, üstüpülü şagirdlər hərtərəfli şəraitlə təmin olunmuş müasir məktəbdə  oxuyaraq sabahın naziri, deputatı, alimi, dünya çempionu, kompüter mühəndisi, uğurlu cərrahi əməliyyatlar aparan həkimi, sözünü deməyi bacaran jurnalist, bir qədər obrazlı desək, xalqına, millətinə layiq vətəndaş olacaqlar. Müstəqil Azərbaycanın döyünən ürəyi, sosial-iqtisadi inkişafının ən yüksək mərhələsini yaşayan Naxçıvanın yetişdirdiyi geniş dünyagörüşlü, savadlı və vətənpərvər gənclər kimi böyüyəcəklər. Torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaşlar kimi ölkəmizin sabahına cavabdehlik daşıyacaqlar. Vətənimizin qurucuları olacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Vətənpərvər olan gənc özünü Azərbaycanın gələcək qurucusu kimi hiss edə bilər. İndidən, orta məktəbin ilk günündən uşaqlara aşılamaq lazımdır ki, bu Vətən, bu ölkə sənindir, onun qurucusu da, qoruyucusu da sənsən!”

Elə bu gün də qürur duyuruq ki, Vətənin qurucuları və qoruyucuları sıralarında Naxçıvan gənc­ləri ön sırada gedirlər və həmişə də gedəcəklər. Çünki onların boy atdığı  torpaqda dövlətçiliyimizin bünövrəsi qoyulub. Bu bünövrə möhkəm təməllər üzərindədir. Çox keçməyəcək ki, bu ön sırada gələcəkdə Bəkir və onun kimi minlərlər gənci də görəcəyik. Çünki onlar elə bir torpaqda böyüyərək təhsil alırlar ki, bu torpaq Azərbaycanda dövlətçiliyin yarandığı və pərvəriş tapdığı bir diyara məxsusdur.

                                                                  Sara Əzimova

                                                                  Jurnalist

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: