5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
Muxtar respublikada sağlam ekoloji mühit yaradılıb
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən hər il iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.
Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənizmləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
“Azərbaycanda elə bir sahə yoxdur ki, sürətli inkişaf etməsin…Bütövlükdə ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş konteksdə həyata keçirək ”-deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir.
Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında vurğula davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada 17 min hektardan çox sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq muxtar respublika ərazisində 4927 hektar sahədə meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1100 hektardan çox sahədə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur.
Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülmüş, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Ölkə rəhbərinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.
Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüz illik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrubi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dunyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrini qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.
Muxtar respublika ərazisində mövcud olan təbii zənginliklərin qorunması və səmərəli istifadəsi məqsədilə həyata keçirilən ekoloji tədbirlərin əsasında elmi tədqiqat və elmi təcrubi işlər dayanır. AMEA Naxçıvan bölməsinin Bioresurslar və Təbii Ehtiyyatlar institutları ilə birgə elmi ədəbiyyatlar hazırlanmışdır. Elmi tədqiqat müəssisələri ilə birlikdə ixtisaslı kadrların hazırlanması sahəsində də birgə iş aparılır. Böyük təbiətşunas alim akademik Həsən Əliyev deyirdi ki, təbiətin keşiyində durmaq üçün sözün gücündən istifadə etmək lazımdır. Əgər insan bilsə ki, təbiətə vurduğu ziyan hansı fəlakətlərə səbəb olur, onda bu işləri heç vaxt görməz. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə də ardıcıl tədbirlər həyata keçirilir, teleradio verilişləri və qəzet materialları hazırlanır, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Görülən işlərin nəticəsi olaraq muxtar respublikanın fauna ehtiyyatları müxtəlif növlər üzrə 15-20 faiz artmışdır. Bunlarla yanaşı, muxtar respublika ərazisində 18 dəstə, 51 fəsilə və 142 cinsə daxil olan 241 növ quş, Azərbaycan Respublikasının ərazisində yayılmış 107 məməli heyvan növünün 62 növü məskunlaşmışdır. Həmçinin muxtar respublikada ali sporlu və çılpaqtoxumlu bitkilərin 2895 növünə rast gəlinir.
Muxtar respublikada fauna ehtiyyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər Beynəlxalq Ekoloji Təşkilatlar tərəfindən nümunə kimi qəbul edilir. Ümümdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.