31 may Naxçıvanda Dövlət Miqrasiya Xidmətinin yaranma günüdür

441

Naxçıvan Muxtar respublikası  Dövlət Miqrasiya Xidməti 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanına əsasən yaradılıb.

NUHÇIXAN Dövlət Miqrasiya Xidmətinin bununla bağlı verdiyi məlumatı təqdim edir:

Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xidmətin maddi-texniki bazası gücləndirilmiş, müasir standartlara cavab verən inzibati binası tikilərək istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurmuş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilmişdir.  Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasındakı sabitlik, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, infrastrukturun yeniləşdirilməsi, miqrasiya proseslərinin dünya standartları səviyyəsində tənzimlənməsi miqrant axınının artmasına səbəb olub. Bu da miqrasiya sahəsində tədbirlərin diqqətdə saxlanılmasını zəruri edir.

Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi Dövlət Miqrasiya Xidmətində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə həyata keçirilir. Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili əməkçi miqrantlar üçün yeni imkan və əlverişli şərait yaradır. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görür.

Naxçıvan Muxtar Respublikası mühüm nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən burada çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın xaricə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanmışdır. Bundan əlavə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşklərinin yerləşdirilməsi miqrasiya sahəsi üzrə xidmət növləri ilə bağlı məlumatların 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada vətəndaşlara çatdırılmasına imkan verir.

Məlumat ixracatçısı hesab olunan hər bir xarici ölkə vətəndaşına hərtərəfli köməklik göstərmək Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşının vəzifə borcudur. Çünki Naxçıvana gələn hər bir turist, eyni zamanda ölkə­miz haqqında informasiya ixrac edən xoşməramlı elçidir. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili, habelə Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması turizm və humanitar sahədə əməkdaşlığı genişləndirmiş, Naxçıvan Muxtar Respublikasına turizm məqsədilə gələn miqrantların sayını artırmışdır. Bu səbəbdən də sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində, Naxçıvan və Culfa dəmiryolu vağzalı binalarında miqrasiya xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Yerlər üzrə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilməklə, ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması sadələşdirilmişdir.

Muxtar respublika ərazisində fəaliyyət göstərən və turizm sahəsində əsas subyekt rolunu oynayan mehmanxanaların da Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaradılmış, mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması  internet üzərindən həyata keçirilməyə başlanmışdır.

Xidmətin rəsmi internet səhifəsi-www.miqrasiya.nakhchivan.az  saytı daim yenilənmişdir. Üç dildə vətəndaşların istifadəsinə verilən rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciətetmə imkanı yaratmış və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynamışdır. Eyni zamanda saytda muxtar respublikanın turizm məkanlarını və tarixi abidələrini özündə əks etdirən video-çarxın və şəkillərin nümayiş etdirilməsi, Naxçıvan Muxtar Respublikasının portalına keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də ölkə­yə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla, müraciətlərinin göndərilməsinə imkan yaratmışdır. Dövlət Miqrasiya Xidmətinin “202-Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında və vətəndaşların lazımi informasiyaları əldə edərək maarifləndirilməsində böyük rola malikdir.

Muxtar respublikada əcnəbilərin azad və təhlükəsiz yaşamaq hüququ ilə bağlı bir problem kimi sığınacaq hüququ və onunla əlaqədar məsələlərin həllinə daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu sahədəki çətinlikləri tamamilə aradan qaldırmış, könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılmışdır. Bu da muxtar respublikada insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikası miqrantlar üçün yaşamaq və işləməyin əlverişli olduğu bir məkana çevrilib. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti muxtar respublikaya gələn və burada işləyən əcnəbilərin maarifləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir, onların tarixi abidələrimizə və muzeylərə ekskursiyaları təşkil olunur.

Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması da daim diqqət mərkəzində saxlanılır, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən əməkdaşların fəaliyyəti qiymətləndirilir.

Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da yaradılan şəraitdən istifadə edərək işini günün tələbləri səviyyəsində quracaq, qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: