2019-cu ildə Düşənbədə Orta Asiyanın ən böyük məscidi açılacaq

117

Tacikistanın paytaxtı Düşənbədə Orta Asiya ərazisində ən böyük məscidin tikintisi ilə bağlı işlər sona yaxınlaşır. Bu dini kompleksin cari ildə avqust ayında açılması planlaşdırılır.

NUHÇIXAN Tacikinform agentliyinə istinadla xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon 2009-ciuilin oktyabr ayında bu məscidin bünövrəsinə ilk daşı qoyub. O vaxt Hənəfilər məzhəbinin banisi İmam Əbu Hənifənin anadan olmasının 1310 illiyi bütün dünyada qeyd edilirdi. Təməlqoyma mərasimindən iki il sonra məscidin tikintisi ilə bağlı işlər başlanıb.

Məscidin layihəsi Tacikistandan və Qətərdən olan mütəxəssislərin birgə səyləri ilə hazırlanıb. Memarlar bu layihəni hazırlayarkən həm Tacikistanın memarlıq ənənələrini, həm də dünya təcrübəsini nəzərə alıblar.

Məsciddə hündürlüyü 75 metr olan 4 minarə, hündürlüyü 47 metr olan əsas günbəz və 20 kiçik günbəz olacaq. Ümumi sahəsi 12 hektar olan ərazidə məscidlə yanaşı muzey, kitabxana, konfrans zalları, kişilər və qadınlar üçün ayrıca qəbul zalları və tədris otaqları yerləşəcək. Məscidin ümumi sahəsi 30 min kvadratmetr nəzərdə tutulub. Məscidin yaxınlığında 4 min avtomobil üçün parklama yeri inşa ediləcək.

Hazırda obyektdə Tacikistandan və xarici ölkələrdən olan 300-dən çox mütəxəssis çalışır. Planlaşdırılan işlərin 70 faizdən çoxu yerinə yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: