2018-ci il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin oldu

164

2018-ci il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub. NUHÇIXAN onlardan bəzilərini təqdim edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının davamı olaraq, TANAP və STAR layihələrinin açılış mərasimləri keçirildi. Siyasi, iqtisadi, nəqliyyat, enerji, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə olundu.

Başa vurmaqda olduğumuz ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, parlamentimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri geniş şəkildə qeyd olundu, ölkəmizdə növbəti prezident seçkiləri keçirildi, Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevə yenidən etimad göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə, o cümlədən Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar, eyni zamanda, Naxçıvanda 11 min hektara yaxın ərazinin və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın ictimai-siyasi həyatında ilin mühüm əhəmiyyətə malik hadisələrindən biri isə cəmiyyətin bütün təbəqələrindən olan 730 mindən çox vətəndaşı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının VI Qurultayının keçirilməsi və orada qəbul edilən qərarlar oldu.

Dünyanın sivilizasiyalararası və dinlərarası dialoq mərkəzlərindən biri kimi tanınan Azərbaycan ötən il bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bu sırada ən yüksək səviyyədə keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunu, VI Qlobal Bakı Forumunu, Qoşulmama Hərəkatının nazirlər konfransını, Dünya Limanlar Konfransını və digər tədbirləri qeyd etmək olar. Bu il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı Prosesi”nin 10 ili tamam oldu. Azərbaycanın əməkdaşlıq üçün nadir platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi, ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirildi.

Azərbaycanın, həmçinin Formula 1 Azərbaycan Qran-Prisinə, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatlarına, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və digər mötəbər yarışlara uğurla ev sahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman ölkəsi olduğunu bir daha təsdiqlədi.

Ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində və tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında ölkəmizin mövqeləri daha da möhkəmləndi. Respublikamızın hərbi və döyüş potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldı. Ordumuz bütün beynəlxalq reytinqlərdə dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxdı.

2018-ci il Azərbaycan tarixində dərin və konkret nəticələr verən iqtisadi islahatlar ili kimi qalacaq. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olundu. 2018-ci ildə Avrasiyanın enerji xəritəsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP qaz kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi üzrə işlərin yekunlaşdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu. Cari ildə həm də “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür.

2019-cu ildə bizi bir sıra əlamətdar hadisələr gözləyir. Qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilən Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Paytaxtımız apreldə Formula 1 Azərbaycan Qran-Prisinə, mayda aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına, iyulda Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək.

2019-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 100, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunacaq. Yeni ilin dekabr ayında respublikamızda bələdiyyə seçkiləri keçiriləcək.

Bu gün Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir. Çünki xalq Azərbaycanı parlaq sabahlara doğru aparan dövlət başçımızın siyasi kursunu birmənalı şəkildə dəstəkləyir. Ölkəmizdə sabitliyi təmin edən başlıca amil isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir. Bütün bunlar qarşıdakı dövrün də ölkəmiz üçün uğurlu olacağına əminlik yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: